“Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana rəsmi səfəri yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də Cənubi Qafqazın geosiyasi mənzərəsi kontekstində qiymətləndirilməli mühüm hadisədir. Prezident İlham Əliyevin mətbuata bəyanatı isə Azərbaycan-Ukrayna əlaqələrinin mövcud vəziyyətini, potensialını və hər iki ölkənin beynəlxalq hüquq normalarına münasibətdə siyasi düşüncə sistemindəki uyğunluqları aydın şəkildə ortaya qoyur”.
Bu sözləri Globalinfo.az-a deputat Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, İlham Əliyevin son dörd il ərzində iki dövlət başçısının yeddi dəfə üz-üzə görüşdüyünü vurğulaması təsadüfi deyil:
“Bu rəqəm beynəlxalq diplomatiyada münasibətlərin intensivliyini ölçən ən etibarlı göstəricilərdən biri hesab olunur. Azərbaycan-Ukrayna münasibətləri kontekstində bu dinamika hətta Avropa İttifaqına üzv olan bir sıra dövlətlərin qarşılıqlı təmaslarını da üstələyir. 2022-ci ilin yanvarında, müharibədən əvvəlki son həftələrdə Prezident Əliyevin Kiyevə səfərinin xüsusi qeyd olunması da diqqət çəkir. Həmin səfər Rusiya ilə Ukrayna arasında gərginliyin pik həddə çatdığı bir dövrə təsadüf edirdi və Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə açıq siyasi dəstəyin ifadəsi kimi qəbul olunmalıdır. Bəyanatın ən mühüm məqamlarından biri 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədlərinə istinad olunmasıdır. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək öhdəliyinin bir daha təsdiqlənməsi Azərbaycanın Ukraynanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyini dolayısı ilə ifadə edir”.
Deputat bildirib ki, iqtisadi əməkdaşlıq məsələlərinə toxunan cənab İlham Əliyev yarım milyard dolları ötmüş ticarət dövriyyəsini həm əldə edilmiş nəticə, həm də artırılması zəruri olan potensial kimi təqdim edib:
“Bu göstərici iqtisadi əlaqələrin real məzmun qazandığını göstərir. SOCAR-ın Ukrayna bazarındakı uzunmüddətli fəaliyyəti bu əməkdaşlığın ən konkret ifadəsidir.
Energetika sahəsində “çox gözəl perspektivlər” ifadəsi isə gələcəkdə yeni birgə layihələrin, xüsusilə alternativ nəqliyyat və enerji marşrutlarının gündəmə gələ biləcəyini göstərir. Ölkə başçımız tərəfindən hərbi-texniki sahədə “çox böyük perspektivlər” olduğunu açıq şəkildə qeyd etməsi və birgə istehsal imkanlarına işarə etməsi son illərdə Azərbaycanın müdafiə sənayesində əldə etdiyi nailiyyətlər fonunda xüsusi əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsində sınaqdan çıxmış texnoloji imkanlar Ukrayna üçün ciddi maraq doğura bilər. Eyni zamanda, Ukraynanın pilotsuz uçuş aparatları, artilleriya sistemləri və elektron müharibə texnologiyaları sahəsindəki təcrübəsi Azərbaycan üçün cəlbedici tərəfdaşlıq imkanları yaradır”.
Elçin Mirzəbəyli qeyd edib ki, bu səfər və verilən mesajlar Azərbaycanın çoxvektorlu xarici siyasət strategiyası çərçivəsində qiymətləndirilməlidir:
“Azərbaycan Ukrayna məsələsində beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeyini açıq şəkildə ortaya qoyur. İki ölkə arasında iqtisadi və hərbi-texniki əməkdaşlıq real məzmun qazanmağa başlayır. Nəticədə bu proses Azərbaycanın çoxvektorlu xarici siyasət kursuna zidd olmadan, əksinə, onu daha da zənginləşdirərək həyata keçirilir”.











