Dövlət sektorunda 13-cü maaş və rüblük mükafatlarla bağlı dəyişikliklər son günlər geniş müzakirələrə səbəb olub. Bu addımın məqsədi və mümkün təsirləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, 13-cü maaş və mükafatlar sisteminin ləğvinə ümumilikdə müsbət yanaşmır.
Onun sözlərinə görə, işçilərin fəaliyyəti onların göstərdiyi performansa uyğun qiymətləndirilməlidir: “Bir çox hallarda mükafata layiq olmayan şəxslərin belə bu ödənişləri alması ədalətsizliyə səbəb olur. Əsas meyar performans olmalıdır”.
Ekspert qeyd edib ki, əgər hansısa qurumda əməkhaqqı aşağıdırsa və mükafatlar sırf maliyyə dəstəyi məqsədilə verilirsə, bu artıq başqa məsələdir və ayrıca yardım forması kimi qiymətləndirilə bilər. Onun fikrincə, işçilərin effektivliyi və məhsuldarlığı əsas götürülərək əməkhaqqı və mükafat sistemi formalaşdırılmalıdır.
Vüqar Oruc əlavə edib ki, 2026-cı ilin büdcə siyasəti daha çox optimallaşdırma və qənaət prinsiplərinə əsaslanır və bu çərçivədə müəyyən addımlar atılır. Lakin o hesab edir ki, yalnız xərclərin azaldılması deyil, iqtisadi fəallığın artırılması daha vacibdir.
“Əmlak amnistiyasının tətbiqi iqtisadi aktivliyi artırmaq üçün mühüm addım ola bilər. Bu halda vətəndaşlar öz əmlaklarını rəsmi qeydiyyata alaraq kredit götürmək, alqı-satqı etmək və sığortadan yararlanmaq imkanına sahib olacaqlar”, – deyə o bildirib.
Ekspertin sözlərinə görə, hazırda çox sayda vətəndaşın əmlakı hüquqi statusa malik olmadığından onlar iqtisadi subyekt kimi fəaliyyət göstərə bilmir, bank kreditlərindən yararlana bilmir və sığorta imkanlarından kənarda qalır.
Vüqar Oruc qeyd edib ki, əmlak amnistiyası həyata keçirilərsə, bu, həm bank sektorunun, həm sığorta sahəsinin, həm də qiymətləndirmə xidmətlərinin inkişafına təkan verəcək. Eyni zamanda, vətəndaşların biznes qurmaq imkanları genişlənəcək və dövlət büdcəsinə əlavə vergi daxilolmaları artacaq.
O, həmçinin vurğulayıb ki, tikinti sektorunun aktivləşdirilməsi, kirayə bazarında vergi güzəştlərinin tətbiqi və digər təşviq mexanizmləri iqtisadi fəallığın artırılmasına xidmət edə bilər.
Ekspertin fikrincə, əsas prioritet iqtisadi aktivliyin artırılması olmalıdır: “Bu, maliyyə problemlərinin həllində əsas rol oynayır. 13-cü maaşın azaldılması və ya mükafat sistemində dəyişikliklər isə təkbaşına gözlənilən effekti verməyəcək”.








