2026-cı ilin ilk günləri dünyanı sarsıdan hadisələr fonunda neft bazarını qlobal gündəmə daşıdı. ABŞ prezidenti Donald Trampın Venesueladan Nikolas Maduronu oğurladaraq Nyu-York məhkəməsinə təslim etdirməsi dünya neft bazarı üçün böyük təsirə malik addımlardan biri kimi qiymətləndirilməkdədir.
Musavat.com xəbər verir ki, qlobal neft ehtiyatlarının 17,5 faizinə sahib bir ölkəyə müdaxilədə məqsədini gizlətməyən Tramp Venesuela neftinin ABŞ düşmənlərinə satılmasına imkan verilməyəcəyini açıq şəkildə bəyan edir. Madurodan sonrakı hakimiyyət Vaşinqtonun dediklərini edənə qədər Venesuelanın neft ixracına tətbiq edilən blokada davam etdirilir. Yanvarın 3-dən bəri 20-dən çox tanker ABŞ blokadasını yarıb Venesuela sahillərinə getməyə çalışsa da, buna nail ola bilməyib.
Beləliklə, gündəlik 400-500 min barel həcmində qiymətləndirilən Venesuela neftinin əsas alıcılara – Çinə və Kubaya çatmasının qarşısı alınır. Bu, bazarda qiymətlərin 1-2 dollar artması ilə müşayiət olunur. Analitiklərə görə, ötən il neft tələbatının 4 faizini Venesueladan təmin edən Çin üçün bu ölkədən neft idxalının dayanması problemlər deməkdir. Hazırda tələbin zəif artımı fonunda Çin və Malayziya sahillərində üzən saxlama məntəqələrində təxminən 82 milyon barel sanksiyalı neft saxlanılır. Onun əsas hissəsi Venesuela və İrana məxsusdur. Bu ehtiyatlara baxmayaraq, “Bloomberg” analitiklərinə görə, Venesueladan Çində bitum istehsalında istifadə edilən və xüsusilə özəl Çin neft emalı zavodları üçün vacib olan ağır və turş xam neftin ixracının tam dayanması Pekin üçün ciddi problemlər yarada bilər. Nəzərə almaq lazımdır ki, ABŞ-ın növbəti hədəflərindən birinin İran olacağına dair açıq mesajlar, bu ölkədə başlayan etirazlar şəraitində Çin ikinci ucuz neft mənbəyini də itirmək təhlükəsi ilə üzləşib.
On ilə yaxın bir dövrdə Venesuela və İrandan sanksiyalı nefti bazar dəyərindən ciddi aşağı qiymətə almaqla böyük fayda əldə edən Çinin bu imkanları itirməsi iqtisadiyyatda başlanan axsamaları kəskin şəkildə dərinləşdirə, son nəticədə, tələbin düşməsi və neft alışlarını azaltmasına səbəb ola bilər. Bu isə ciddi neft artıqlığı yaşamaqda olan dünya bazarında qiymətlərin sürətlə düşməsinə gətirib çıxara bilər. Hansı ki, Ağ Evin hazırkı respublikaçı administrasiyası üçün bu, noyabrd keçiriləcək ara seçkiləri ərəfəsində çox vacib amildir. Neft qiymətlərinin düşməsi ABŞ daxilində benzin qiymətlərinin və inflyasiyanın azalması, mövcud hakim qüvvələrdən seçici razılığı deməkdir.
Onsuz da bu il neft bazarı üçün müsbət proseslər vəd olunmurdu: Ötən ilin ortalarından başlayaraq neft bazarında təklif artıqlığı sürətlə çoxalıb, OPEK+ ölkələri hasilatı gündəlik 3 milyon barelə yaxın artırıblar. Digər tərəfdən, Ukraynanın dron zərbələri ilə emal zavodları böyük zərərlə üzləşən Rusiya daha çox nefti ixraca yönəltmək məcburiyyətində qalıb. Qlobal iqtisadiyyatda artım tempinin gözlənildiyindən aşağı olması, tələbin daha ləng artmasını da üzərinə gəldikdə, cari ildə neft bazarının aqibətinin 2025-ci ildən daha pis olacağına dair proqnozlara səbəb olub.
Bütün bunlar neft ixracından böyük ölçüdə asılı olan ölkələr, o cümlədən Azərbaycan üçün ciddi çağırışlar formalaşdırır. Ölkəmiz üçün mümkün problemləri dərinləşdirən daha bir amil neft hasilatının təbii azalmasıdır. Artıq Azərbaycan hökumətinin də proqnozlaşdırdığı kimi, əsas ixrac mənbəyi olan “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasilat sürətlə düşür. 2024-cü ildə Azərbaycanda 29,1 milyon ton neft hasil olunub ki, bu da 2023-cü ilin göstəricisindən 3,6 faiz azdır. 2025-ci ildə Azərbaycanda neft hasilatı 28,5 milyon ton həcmində proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin faktiki göstəricisindən 2,1 faiz azdır. Real rəqəmlər 2025-ci ildə hasilatın daha böyük sürətlə azaldığından xəbər verir: Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-dekabrda ölkədə 25,3 milyon ton neft hasil edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azalma deməkdir. Bu, həm də ondan xəbər verir ki, hasilatın azalma tempinin yavaşıdılması üçün atılan addımlar məqsədə nail olunmasına gətirib çıxarmayıb. AÇG-də yeni istismara verilən ACE platformasından hasilatın artım sürəti ümumi yataqdakı azalmanın az bir hissəsini kompensasiya etməyə imkan verib.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2026-cı ildə Azərbaycanda neft hasilatı 27,6 milyon ton təşkil edəcək, bu isə 2025-ci ilin proqnoz göstəricisindən 3,2 faiz azdır. 2027-ci ildə 27,1 milyon ton ( 2026-cı illə müqayisədə 1,8 faiz az), 2028-ci ildə isə 26,6 milyon ton (2027-ci illə müqayisədə 1,8 faiz az) olacağı gözlənilir.
Prezident İlham Əliyev yerli televiziyalara bu məsələyə toxunaraq, neft hasilatının sabitləşdirilməsi üçün addımlar atıldığını vurğulayıb. Hökumətin proqnozlarına əsasən, sabitləşmə 2029-cu ildən başlayacaq: həmin il ölkədə neft hasilatı 27,4 milyon tona yüksələcək. Bu isə 2028-ci illə müqayisədə 3 faiz çoxdur. Beləliklə, 2025–2028-ci illərdə hasilatın azalmasından sonra 2029-cu ildə orta səviyyədə bərpa gözlənilir.
Hasilatın azalmasının qiymət ucuzlaşması ilə müşayiət olunması digər ölkələrlə - Rusiya, Qazaxıstan və sair – müqayisədə Azərbaycanın gəlir imkanlarının daha çox daralmasına gətirib çıxaracaq. 2025-ci ildə Azərbaycanın istehsal etdiyi "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti 71.1 ABŞ dollarına bərabər olub(APA). Bu isə əvvəlki illə müqayisədə neftin orta qiymətinin 14 faiz azalması deməkdir: 2024-cü ildə Azərbaycan neftinin orta ixrac qiyməti 82.87 ABŞ dollarına bərabər olub.
Ötən il Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta illik ixrac qiymətinin 70 ABŞ dollarından hesablandığını nəzərə alsaq, yekun qiymətin ölkə üçün problem yaratmayacaq həddə olduğunu deyə bilərik.
Bu il üçün Azərbaycan büdcəsində neftin orta ixrac qiyməti olaraq 65 dollar hesablanıb. İlin ilk günlərində qiymətlər bu həddən aşağı olsa da, Vaşinqtondan ən yüksək səviyyədə Venesuela neftinin ixracına maneənin aradan qaldırılmayacağına dair açıqlamalar yanvarın 6-da qiymətin 65 dolları keçməsinə səbəb olub. Bu qiymətin nə qədər davam edəcəyi ABŞ-la Venesuela hakimiyyəti arasında anlaşmanın olub-olmamasından asılıdır. Əgər Madurodan sonra ölkəyə rəhbərliyi ələ alan Delsi Rodrigez ABŞ-ın tələblərinə boyun əyəcəksə, Venesuela neftinin dünya bazarında yolu tam açılacaq. Analitiklərə görə, bu, neft bolluğu yaşayan bazarda qiymətlərin 2-3 dollar azalmasına gətirib çıxara bilər. Blokadanın davam etməsi şəraitində isə qiymətlərə təsir edəcək mühüm amillər kimi İrandakı hadisələr, həmçinin qlobal tələbin artım sürəti, Çin iqtisadiyyatındakı proseslər olacaq. Daha bir amil Rusiya neftidir. ABŞ-ın Hindistan və Çinə Rusiya neftinin alınmaması üçün təzyiqlərinin bərpa olunması qiymətlərin ən azı indiki səviyyədə qalmasını təmin edə bilər.
“Yeni Müsavat”









