Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib.
Bu barədə "Cebheinfo.az"-a Fərəc Quliyev məlumat verib.
Partiya sədri bildirib ki, mayın 19-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə keçirilmiş görüşdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə aparılan iqtidar-müxalifət siyasi dialoqunun vacibliyi və nəticəsi olaraq cəmiyyətdə formalaşmış milli-siyasi birliyin önəmi xüsusi vurğulanıb.
Həmçinin regionda baş verən son hadisələr, ölkəmizin geosiyasi uğurları və Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsinin ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisi olduğu barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Vətən müharibəsində qazanılmış böyük Zəfərdən sonra Azərbaycanın Qərbin aparıcı dövlətləri ilə əlaqələrinin möhkəmlənməsi, regionun və Avropanın enerji təchizatında ölkəmizin mövqeyinin güclənməsi məsələləri haqqında söhbət aparıldığını bildirən F.Quliyev belə bir məqamda dövlətin daha da güclənməsi naminə ölkədəki bütün siyasi qüvvələrin birliyinin vacibliyinə toxunub.
İşğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış Proqramının sürətli icrası və öz doğma torpaqlarına qayıdan vətəndaşlarımız üçün layiqli və təhlükəsiz həyat şəraitinin qurulması F.Quliyev tərəfindən yüksək dəyərləndirilmiş və bütün bu uğurların fonunda Azərbaycanın nailiyyətlərini həzm edə bilməyən radikallaşmış şəxslərin antimilli fəaliyyəti qınanılıb.










