Bir zamanlar çıxış yolu kimi görünən kreditlər bu gün minlərlə ailə üçün daimi yükə çevrilib. Ekspertlər hesab edirlər ki, zərurətdən borclananlarla yanaşı, krediti həyat tərzi kimi qəbul edənlərin sayı artdıqca, əhalinin maliyyə asılılığı da dərinləşir.
Kredit asılılığı təhlükəli həddə çatıb demək olarmı? Əhalinin banklara borcu niyə sürətlə artır?
Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, kredit asılılığı artıq təhlükəli həddə yaxınlaşır:
“Kreditlər gündəlik yaşayışın ayrılmaz hissəsinə çevrilib və bir çox ailə gəliri artmadığı halda borc yükü artır. Kreditlər əvvəllər əsasən biznes və ya böyük ehtiyaclar üçün istifadə olunurdusa, indi ərzaq, məişət xərcləri və digər cari ehtiyaclar üçün götürülür. Bu isə onu göstərir ki, kredit rifah artımının yox, maliyyə çatışmazlığının göstəricisinə çevrilib”.
İqtisadçı bildirib ki, əhalinin banklara borcunun sürətlə artmasının əsas səbəblərindən biri real gəlirlərin xərclərlə ayaqlaşmamasıdır:
“Qiymət artımı, xüsusən də ərzaq və xidmətlərdə bahalaşma insanların büdcəsini sıxır. Maaşlar və pensiyalar isə bu artımı tam kompensasiya etmir. Nəticədə insanlar mövcud həyat səviyyəsini qorumaq üçün borclanmağa məcbur qalırlar. Paralel olaraq, bankların və kredit təşkilatlarının kreditləri daha asan, sürətli şəkildə təklif etməsi də borclanmanı artırır. Bəzən risklər kifayət qədər izah olunmur və insanlar gələcək ödəniş yükünü düzgün qiymətləndirmir. Bu isə gecikmələrə, əlavə cərimələrə və borc dairəsinin genişlənməsinə səbəb olur. Uzunmüddətli perspektivdə bu vəziyyət həm ailələrin maliyyə sabitliyi, həm də ümumi iqtisadi dayanıqlıq üçün ciddi risk yaradır”.









