"Naxçıvanda baş verən kadr dəyişikliyindən sonra telefon açan bütün dostlarım, tanış-bilişlərim “müjdəli” xəbərlərlə məni təbrik edib bildirirlər ki, bəs, gözün aydın, Prezidentin yeni xüsusi nümayəndəsi yaxın zamanlarda ciddi kadr islahatları aparacaq və filan dövlət mediasının rəhbəri də ömürlük istirahətə göndəriləcək". "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
Naxçıvandan bu dəfə müsbət məqamlar paylaşan Heydər Oğuz daha sonra belə davam edir: "Bəri başdan deyim ki, hansısa donqili media qurumunun rəhbərinin dəyişdirilməsi mənim gözləntilərim arasında deyil. Mənim gözləntim Naxçıvanın ədalətli idarə olunmasıdır və ümid edirəm ki, yeni hökumət “gözü çıxmış qardaşlarının” başına gələnlərdən ibrət dərsi çıxaracaq və Muxtar Respublikanı lazımi qaydada yönəltməyə çalışacaq.
Qeyd etmək istərdim ki, mənim bu ümidim əsassız deyil və bu, heç də Naxçıvandakı yeni hökumət üzvlərinə hədsiz etimadımdan qaynaqlanmır. Naxçıvanın yeni tərzdə idarə olunması Zəngəzur dəhlizini açmağa qərar vermiş beynəlxalq güc mərkəzlərinin istəyidir və Azərbaycanda heç bir qüvvə bu tələbləri geri çevirmək iqtidarında deyil. Bu mənada mən Naxçıvanın böyük perspektivinə inanıram.
Muxtar Respublikanın çiçəyi burnundakı hökumətindən bir də kiçik bir gözləntim var. Dövlət qurumlarının media ilə əlaqəli şöbələrinə qoyulmuş qanunsuz qadağaları qaldırmaq, mənə göndərilən şikayətləri araşdırmağıma və əlaqədar qurumların rəsmi münasibətlərini işıqlandırmağıma şərait yaratmaqdır. Bunun isə mənim qədər, hətta bəlkə də məndən daha çox yerli hökumətin özünə fayda gətirəcəyini düşünürəm.
İnsafən, etiraf edim ki, bu yaxınlarda Naxçıvanın ucqar kəndlərindən birindən aldığım bir şikayətlə bağlı Naxçıvan Təhsil Nazirliyinə və Ordubad İcra Hakimiyyətinə müraciətimə müsbət reaksiya verildi və problem dərhal öz həllini tapdı. Mən də bu məsələni işıqlandırmağa belə lüzum görmədim.
Yeri gəlmişkən, vətəndaş şikayətinə göstərdiyi xüsusi diqqətə görə özəlliklə Naxçıvanın Təhsil naziri Elxan Nəcəfova təşəkkürümü bildirir və ümid edirəm ki, digər qurumlar da, o cümlədən xüsusi nümayəndə də məsələyə eyni həssaslıqla yanaşarlar. Beləcə, bir çox problemlər böyümədən öz həllini tapar və Naxçıvan bu müsbət özəlliyi ilə digər rayonlarımız üçün də ən gözəl örnəyə çevrilər. Bunlar baş verdikdən sonra mənim Naxçıvandan başqa nə gözləntim ola bilər ki?
Ümid etmək istərdim ki, Naxçıvanın indiki hökuməti öz sələfi kimi "canişin"in ölənlərinə rəhmət oxutmayacaq..."








