“Qlobalist trendlərə” tam sadiq hökumətimiz bu sahəyə aşırı tənzimləmə qaydaları gətirərək taksi xidmətini bahalaşdırmağa başladı”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri REAL Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşdığı yazıda qeyd edib.
Natiq Cəfərlinin paylaşımını təqdim edirik:
“Azərbaycan Avropada taksi qiymətlərinə görə ən ucuz ölkələrdən biri idi. Taksi xidməti yeganə sahə idi ki, son 10 ildə qiymətlər xeyli ucuzlaşmışdı (son bir ilə qədər). Devalvasiyalardan öncə daha baha olan taksidə gediş haqqı 2015-ci ildən, manat dəyərdən düşəndən sonra, əksinə, daha da ucuzlaşmışdı.
Hökumət, təbii ki, belə şəraitə dözə bilməzdi: necə yəni rəqabət, ucuzlaşma var?! – olmaz axı, rəqabət də olmaz, ucuz xidmət də. Ona görə də “qlobalist trendlərə” tam sadiq hökumətimiz bu sahəyə aşırı tənzimləmə qaydaları gətirərək taksi xidmətini bahalaşdırmağa başladı. Keyfiyyət dəyişməsə də, qiymətlər artdı. Mediadan isə bunu “tıxaclarla mübarizə” kimi təqdim edən məmurlar da oldu – hanı, tıxaclar azaldımı? Təbii ki, yox, amma qiymətlər artdı, rəqabət zəiflədi, əsas məqsəd də bu idi. Çünki taksi sahəsində rəqabət, rəqabət sahəsində isə ucuzluq görən vətəndaş, birdən çaşıb başqa sahələrdə də rəqabət tələb edə bilərdi – olmaz axı, vətəndaş niyə rəqabət haqqında düşünməlidir?!
İndi də xəbər yayılıb ki, Hava Limanından şəhərə taksi xidməti tam inhisara alınır. Ora getmək olar, amma şəhərə gəlmək üçün yalnız xüsusi taksilərdən, özü də daha baha qiymətə istifadə etmək lazım gələcək. Əladır da, məmurlarımız bu yolla yəqin ki, turizmi inkişaf etdirirlər – “halal olsun”.
Düşünürəm ki, bütün iyrənc inhisarçılıq kimi, bu addım da çox bəsit “məntiqdən” doğub – hansısa məmurcuğun hansısa ingilisdilli “qaqulik” balası düşünüb ki, niyə taksi xidməti azad, rəqabətli olmalıdır ki?! Öz-özünə deyib ki, gəl elə Hava Limanından şəhərə gəlişi alım inhisara, ancaq mənə hər gedişdən pay verən sürücülər işləsinlər, oturduğum yerdə günə 5-10 min manat qazanım da – elə deyil, “papulya”? Yox ee, sorry, “dad”?!
Bəli, dad, min dəfə dad! Belə məmurcuqların əlindən, səlahiyyət keçən kimi gözləri heç nə görmür...”