Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib ki, bu sahənin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Dövlət başçısı qeyd edib ki, 2004-cü ildən başlayaraq həyata keçirilən regional inkişaf proqramları nəticəsində bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra olunub, kəndlərin sosial-iqtisadi vəziyyəti yaxşılaşıb və kənd təsərrüfatının inkişafı üçün mühüm zəmin formalaşıb.
Prezident vurğulayıb ki, hazırda ölkədə qazlaşdırma səviyyəsi 96 faizə çatıb, elektrik enerjisi ilə təminatda problem aradan qalxıb, yeni avtomobil yolları, su anbarları və kanallar istifadəyə verilib. Taxtakörpü, Şəmkirçay və digər iri su layihələri kənd təsərrüfatının inkişafında mühüm rol oynayıb. Üzümçülük, pambıqçılıq, fındıqçılıq və digər sahələr üzrə qəbul olunan dövlət proqramları isə istehsalın daha da artmasına səbəb olub.
İlham Əliyev bildirib ki, subsidiyalar, güzəştli kreditlər, gübrə və yanacaq dəstəyi fermerlər üçün mühüm stimuldur. Dövlət başçısının sözlərinə görə, vaxtilə tənəzzülə uğrayan pambıqçılıq sahəsində aparılan islahatlar nəticəsində istehsal 20 min tondan 360 min tona yüksəlib, baramaçılıq və ipəkçilik də yenidən inkişaf etdirilib.
Prezident son illərdə kənd təsərrüfatında müşahidə olunan durğunluğun narahatlıq doğurduğunu qeyd edərək, 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramının hazırlanacağını bildirib. Onun sözlərinə görə, proqram həm dövlət, həm də özəl sektor investisiyalarını əhatə edəcək və kənd təsərrüfatında məhsuldarlığın artırılmasına xidmət edəcək.
Dövlət başçısı ərzaq təhlükəsizliyi məsələsinə də toxunaraq vurğulayıb ki, dünyada baş verən müharibələr, nəqliyyat zəncirlərinin pozulması və iqlim dəyişiklikləri bütün ölkələri daxili istehsalı artırmağa sövq edir. Prezident qeyd edib ki, Azərbaycan xüsusilə buğda, ət, süd və digər strateji məhsullar üzrə özünütəminetmə səviyyəsini artırmalıdır.
İlham Əliyev kəndlərdən şəhərlərə axının qarşısının alınmasının vacibliyini də qeyd edib. Prezident bildirib ki, əsas məqsəd şəhərlərdən kəndlərə qayıdış prosesinə nail olmaqdır. Bunun üçün bölgələrdə sosial infrastruktur, xidmət sektoru və məşğulluq imkanları daha da genişləndirilməlidir.
Çıxış zamanı aqroparkların yaradılması, müasir suvarma sistemlərinin tətbiqi, intensiv bağçılıq, istixana kompleksləri və soyuducu anbarların genişləndirilməsi istiqamətində görülən işlər də diqqətə çatdırılıb. Prezident qeyd edib ki, hazırda ölkədə 400 min ton tutumlu soyuducu anbar mövcuddur və əlavə 100 min tonluq infrastrukturun yaradılması nəzərdə tutulur.
Dövlət başçısı həmçinin bildirib ki, kənd təsərrüfatının inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası üçün dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq investisiya yatırılması planlaşdırılır.
Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Əmrah Abdullayev
Saray qəsəbə bələdiyəsinin sədr müavini
"DİA-AZ"









