Xəbər verdiyimiz kimi, lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarının nəticələrinin təhlili zamanı müəyyən uyğunsuzluqların olduğu aşkar edilmişdi.
Bununla bağlı araşdırma aparan Təhsil İnstitutu bu məqsədlə xüsusi komissiya yaradıb. İddiaya görə, imtahan sualları müəyyən kurslara ötürülüb, bu da şagirdlərin nəticələrinə öz təsirini göstərib.
Təhsil İnstitutu tərəfindən məsələ ilə bağlı araşdırılma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilibmi?
Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinin müdiri Tural Alışovun fikirlərini təqdim edib:
“25-27 iyun tarixlərində mərkəzləşdirilmiş üsulla lisey və gimnaziya imtahanları keçirilib. İmtahanlar zamanı müəyyən köçürmə halları müşahidə olunub. Daha sonra imtahan nəticələri bizim əlimizdə olan digər məlumatlarla müqayisə edilərkən bəzi şagirdlərin nəticələrində uyğunsuzluqlar aşkar edilməsi ilə bağlı şübhələr yaranıb.
Elm və Təhsil Nazirliyinin tapşırığı ilə yaradılan komissiya həmin nəticələrlə bağlı genişmiqyaslı araşdırmalara başlayıb. Araşdırma nəticəsində müəyyən olunub ki, bəzi şagirdlərin imtahanda göstərdiyi nəticələrlə onların real bilik səviyyəsi arasında ciddi fərqlər var.
Nazirliyin tapşırığı ilə komissiya həmin şagirdləri yenidən yoxlama imtahanına dəvət edib, eyni zamanda valideynlərlə söhbətlər aparılıb. Təkrar yoxlama zamanı bu şagirdlərin nəticələrinin əvvəlki imtahandakı göstəricilərindən xeyli aşağı olduğu təsdiqlənib.
Xüsusilə də analoji suallara zəif cavab verən şagirdlər aşkar edilib. Ümumilikdə, komissiyaya 300-dən çox şagird dəvət olunub. Onlardan təxminən 50-nin nəticəsi bərpa edilib. Qalan şagirdlərin isə ilkin imtahan nəticələri ləğv olunub və onlar seçim prosesinə buraxılmayıb".
Maraqlıdır, yenidən yoxlama imtahanı zamanı bəzi şagirdlərin göstəricilərinin xeyli aşağı olduğu təsdiqlənibsə, o zaman ilk imtahanda köçürmə hallarına imkan yaradılmasında kim günahkardır?