"28 May - Müstəqillik Günü bayramlarımız içərisində ən ali bayramdır.
Azərbaycan xalqı nə zaman 28 Mayı Novruz bayramından daha böyük sevinclə qeyd etməyə başlayacaq, o zaman istiqlalın nə demək olduğunu, mahiyyətini bütün fəlsəfəsi ilə daha dərindən dərk etmiş olacağıq".
Bunu "Cebheinfo.az"-a açıqlamasında Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov 28 May – Müstəqillik Günü ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, istənilən millətin var olduğu müddətcə qazandığı ən ali dəyər onun istiqlalı, dövlət müstəqilliyidir:
"Azərbaycan xoşbəxtdir ki, XX əsr ərzində istiqlalına üç dəfə nail olub. 1918-ci il mayın 28-də Tiflisdə, keçmiş Qafqaz canişinliyinin iqamətgahında Azərbaycan öz istiqlalını elan etdi.
Qurulan Cümhuriyyətin əbədiyyət boyu yaşaması arzulanırdı. Lakin təəssüf ki, cəmi 23 ay ömür sürdükdən sonra o istiqlalı itirdik və 70 il onun həsrətini çəkdik. İstiqlalın həsrəti artdıqca, onun hansı böyük qiymətə malik olduğunu daha dərindən anladıq.
Məhz buna görə də Məmməd Əmin Rəsulzadənin söylədiyi “Bir kərə yüksələn bayraq bir daha enməz” fikrində son dərəcə dərin bir fəlsəfə var". Rafael Hüseynov bildirib ki, İstiqlal ideyasını heç bir güc ürəklərdən silə bilməz:
"Binaların üstündə, iqamətgahların zirvəsində, insanların əllərində qaldırılan bayraqları zülmün, təzyiqin və silahın gücü ilə asanca endirmək mümkündür. Amma ürəklərdə və düşüncələrdə dalğalanan bayrağı heç vaxt endirmək olmaz.
Əgər Azərbaycan istiqlal qazanmışdısa və həmin istiqlal 23 ay yaşamışdısa, bu, o demək idi ki, o bayraq heç zaman enməyəcək. Elə buna görə də 1991-ci ildə istiqlalımız yenidən qayıtdı".
Akademik vurğulayıb ki, Azərbaycan bu il bərpa olunmuş dövlət müstəqilliyinin 35-ci ildönümünü qeyd edəcək və bu, xalqımız üçün böyük qürur mənbəyidir:
"Lakin XX əsrdə biz yalnız Şimali Azərbaycanda deyil, əsrin ortalarında Güney Azərbaycanda da müstəqillik qazanmışdıq. 1945-ci il dekabrın 12-də Təbrizdə Milli Hökumət quruldu və Güney Azərbaycanda müstəqil dövlət qura bilmişdik.
Cəmi bir il ərzində, həmin dövlət Azərbaycan xalqına mühüm nailiyyətlər qazandırdı. İki mindən çox məktəb açıldı, universitet yaradıldı, radio və televiziya fəaliyyətə başladı, filarmoniya quruldu, ana dilində dərsliklər nəşr edildi.
Bu faktlar da bir daha göstərir ki, Məmməd Əmin Rəsulzadənin sözü qüvvədədir. Arzu edək ki, Azərbaycan istiqlalı əbədi və dönməz olsun. Buna inamımız tamdır və belə də olacaq".








