"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsin ümumi profilli tibb müəssisələri üçün dərman vasitələrinin satın alınmasına dair elan etdiyi tender baş tutmayıb.
FED.az xəbər verir ki, tenderin ehtimal olunan dəyəri 2.574.095,07 manat təşkil edirdi. Bu vəsait ümumi istifadəli tibb müəssisələrində zəruri dərman preparatlarının alınmasına yönəldilməli idi.
Lakin “Dövlət Satınalmaları Haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən, müsabiqədə iştirak edən və müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğuna görə tender ləğv edilib. Rəsmi açıqlamada bildirilir ki, təklif təqdim edən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən edilən minimum həddə çatmadığından, prosedurun tamamlanması mümkün olmayıb.
Qeyd edək ki, tender 30 may 2025-ci il tarixində dərc edilmişdi və təkliflərin təqdim olunması üçün son tarix 04 iyul 2025-ci il, saat 17:00 müəyyənləşdirilmişdi. Zərflərin açılışı da həmin gün nəzərdə tutulmuşdu.
Beləliklə, 2,5 milyon manatdan artıq vəsaiti əhatə edən dərman təminatı müsabiqəsi baş tutmamış hesab olunub və yenidən elan olunması ehtimal edilir.