Ermənistanın Baş naziri Nikol Paşinyan dünən İrəvanda üç saatlıq mətbuat konfransı keçirib və bir çox məsələlərdən danışıb. Ermənistan lideri mətbuat konfransında daha çox Rusiyaya mesajlar səsləndirib, İrəvan-Moskva münasibətlərinin perspektivlərinə toxunub.
Azərbaycanla sülhdən danışarkən Paşinyan qeyd edib ki, sülh sazişinin paraflanması mümkündür.
“Bəli, belə bir fikir var. Belə bir fikir masanın üstündədir”, deyə qeyd edib.
Baş nazirin sözlərinə görə, “Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq yolunda heç bir fürsəti əldən vermir”.
Paşinyan həmçinin Zəngəzur dəhlizi məsələsi barədə də fikir bildirib. toxunub. Baş nazir Zəngəzur dəhlizinin ABŞ şirkətinin icarəsinə verilməsi haqqında suala cavabında belə deyib: “Regional kommunikasiyaların blokdan çıxarılması funksiyalarının beynəlxalq təşkilatlara verilməsi məsələsinə gəlincə, hazırda Ermənistanda bir çox “autsorsinqə” rast gəlinir. Onlardan bəziləri bizi qane edir, bəziləri isə yox. Məsələn, Zvartnots hava limanının idarəsi “autsorsinqdir”. Hesab etmirəm ki, bununla Ermənistanın suverenliyi hansısa bir şəkildə pozulub”.
Qeyd edək ki, ABŞ-ın Zəngəzur dəhlizində təhlükəsizliyin ABŞ şirkəti tərəfindən təmin edilməsi təklifi ilə Bakı və İrəvana müraciət etdiyi haqda məlumat yayılıb.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Paşinyanın dedikləri barədə AYNA.AZ-ın suallarını cavablandırarkən bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşündən sonra hiss olunurdu ki, müsbət bəyanatlar olacaq:
- Xüsusilə də, bu bəyanatların Ermənistan tərəfindən veriləcəyi gözlənilirdi. Çünki Azərbaycan tərəfinin mövqeyi bəllidir, şərtlər məlumdur, fikir ayrılığı yoxdur. Paşinyan mətbuat konfransı keçirərək bir çox məsələlərə aydınlıq gətirdi. Ən yadda qalan məsələ Rusiya xətti ilə bağlı Baş nazirin dedikləri idi. Paşinyan istər Ermənistan daxili məsələlərinə, istərsə də xarici siyasət məsələlərinə Rusiyanın təsir cəhdlərini qabartdı və Moskvaya mesajlar verdi. Eyni zamanda, Azərbaycanla sülh sazişi layihəsi barədə, Zəngəzur dəhlizi barədə mesajlar oldu.
Hesab edirəm ki, konstruktiv mətbuat konfransı idi. Bu konstruktivlik də daha çox Ermənistanın özünə lazımdır.
- Paşinyan sülh sazişinin paraflanmasını istisna etmədi. Bu, yaxınlarda mümkündürmü?
- Əlbəttə, mümkündür, amma bəzi məqamlar var ki, onlar həllini tapmalıdır. Paraflanma o deməkdir ki, saziş layihəsi imzalanmaq üçün hazırlanır. Hələ əvvəldən bəlli idi ki, Bakının təklif etdiyi sülh sazişi layihəsinin əksər maddələri razılaşdırılıb, iki maddədən başqa. Bunlar da Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi və Minsk Qrupunun de-yure ləğvi üçün ATƏT-ə birgə müraciət məsələsidir. Əlbəttə, razılaşdırılmış məsələlərin paraflanması mümkündür. Digər qalan məsələlər isə növbəti görüşlərdə müzakirə olunacaq və konkret razılaşmaların olacağı gözlənilir. Əbu-Dabi görüşündə əslində bu məsələlər ətraflı danışılıb.
- Ermənistan rəhbərliyinin açıqlamasından Zəngəzur dəhlizinin açılması, dəhlizə nəzarətin ABŞ şirkətinə verilməsi ilə bağlı razılığın olduğu görünür...
- Paşinyan Zəngəzur dəhlizinə nəzarətin ABŞ şirkətinə icarəyə verilməsi məsələsini dolayısı ilə təsdiqlədi və bunu ətraflı izah etdi. Dedi ki, bura Ermənistan ərazisidir, sadəcə icarəyə vermək, kommersiya məqsədilə bunu həyata keçirmək mümkündür. Necə ki, indiyədək Ermənistan dəmir yolunu Rusiyaya verib. Niyə Zəngəzur dəhlizi də ABŞ-a icarəyə verməsin?! Ermənistanın özünün burada xeyiri var. Bu, Ermənistan suverenliyinin itirilməsi də deyil. Məsələn, Paşinyan hakimiyyətini ittiham edirlər ki, suverenlik itirilir. Keçmiş xarici işlər naziri Vardan Oskanyan bu iddia ilə çıxış edib. İndi sual olunur: dəmir yolu Rusiyaya veriləndə suverenlik itirilmir, Zəngəzur dəhlizi Qərbə icarəyə veriləndə suverenlik itir? Paşinyan da bu ittihamlara cavab verdi, məsələni izah etdi.
Azərbaycanın yanaşmasına gəlincə, Azərbaycanın mövqeyi bəllidir. Rəsmi Bakı istəyir ki, Naxçıvana maneəsiz gediş-gəliş təmin olunsun. Bu məqsədə çatmaq üçün də mövqeyini müdafiə edəcək. Hər halda, yaxın vaxtlarda detallar açıqlanacaq, bilinəcək. O zaman ətraflı fikir bildirmək mümkün olacaq.