Polis əməkdaşları tərəfindən ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Sumqayıt şəhərində həyata keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub, onlarla maarifləndirici söhbətlər aparılıb:
"Sürücülərə qanunvericiliyin tələbləri izah olunub, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılıb. Sumqayıt şəhərində insanların istirahətini pozan, neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək". DİN bir daha hər bir yol hərəkəti iştirakçısını diqqətli olmağa və qaydalara riayət etməyə çağırıb.
Hər nə qədər DİN xəbərdarlıq etsə də, skuter və moped sürənlərin yollarda ildırım sürətiylə şütüdüyünü görürük. Avtomobillərin, avtobusların qarşısına anidən çıxan, dönmə və ötmə qaydalarını pozan moped və skuterlər real təhlükə yaradırlar. Bunun qarşısı necə alınmalıdır?
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Sherg.az-a açıqlamasında qeyd etdi ki, şəhərimizdə ciddi transformasiya prosesi baş verir, yeni hərəkət növləri formalaşır və bu hərəkətin nizamlanmasına, şəbəkələşməsinə, maarifləndirmə aparılmasına ehtiyac var:
- Çünki fərqli hərəkət iştirakçıları varsa, deməli, fərqli sürətlə hərəkət edirlər. Axınların qarışmaması üçün müvafiq tədbirlər görülməlidir. Həmçinin hərəkət iştirakçılarının texniki parametrlərinə də diqqət edilməlidir. Hərəkət növləri üzrə bölsək, piyada təxminən 5 km, mikromobillik vasitələri 25 km, şəhərdaxili avtomobillər isə saatda 50 km. sürətlə hərəkət edir. Bunların hər birinin öz yolu, öz zolağı olmalıdır. Baryersiz olmalıdır. Kəsişən nöqtələr eyni səviyyədə işıqforla nizamlanmalı, təhlükəsiz keçidi olmalıdır ki, biri digərinə mane olmasın, biri digərinə təhlükə yaratmasın. Hədəflər qoyulmaqla infrastruktur təkmilləşməlidir. Hərəkət iştirakçıları arasında ən həssası piyadalardır. Piyadaların sərbəst, maneəsiz və təhlükəsiz hərəkətinə daha çox diqqət ayrılmalıdır. Moped, skuterlərin hərəkət zolağı piyada keçidi ilə kəsişirsə, ona uyğun infrastruktur tərtib edilməlidir. Qəzalar hər yerdə baş verir. Əsas odur hansı dərəcədə qəza olur. Qəza piyadanın xəsarət almasıylamı nəticələnir, maddi ziyan dəyməsiyləmi, yoxsa ölüm hadisəsiyləmi. Ən ağır qəza piyadaların ölümü ilə nəticələnən qəzalardır. Qəzalardan tamamilə sığortalanmaq mümkün deyil, çünki hərəkət iştirakçıları idarəetməni, yol hərəkəti qaydalarını eyni dərəcədə bilmir. Təki ölüm halları olmasın. Qəzaların qarşısının maksimum alınması üçün sürəti azaldan həllər tətbiq olunmalıdır. Profilaktik tədbirlərə geniş yer verilməlidir. Orta məktəblərdə ibtidai siniflərdən başlayaraq şagirdlərə yol hərəkəti qaydaları öyrədilməlidir. Yolu haradan, necə keçmək lazımdır, məsələn, kiçik yaşlılar adətən velosipedlərdən, uşaq “samokat”larından daha çox istifadə edir, onları idarə etmək üçün nələri bilməlidir. Bundan başlayaraq, daha sonra elektrikli skuterlər, moped, avtomobilin idarə olunması üçün nələri bilməlidir, bunlar uşaqlara öyrədilməlidir.
Mütəxəssis bildirdi ki, hazırda paytaxtda, eləcə də bölgələrdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi prosesi gedir. Bu prosesdə vacib olan bir sıra məqamlar var:
- Hesab edirəm ki, sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir. Dediyim kimi, hərəkət iştirakçıları illər əvvəl olduğu kimi piyada, avtomobil, ictimai nəqliyyat vasitələri deyil. Bura müxtəlif mikromobillik vasitələri də daxil olub. Bu vasitələrin idarə edilməsi qaydalarını da hərəkət iştirakçıları bilməli və qaydalara əməl etməlidirlər.