Ötən günlərdə sosial şəbəkələrdə Azərbaycan təyyarəsinin Rusiya MN-nin əmri ilə vurulması barədə səs yazısı və anonim məktub yayımlandı.
Hələ ki bu məlumatı təsdiq və ya inkar edən rəsmi bir məlumat olmasa da, məhz iki dövlət arasında gərginliyin hökm sürdüyü bu günlərdə yayılan həmin məlumat cəmiyyətdə müzakirələrə səbəb olub.
Həqiqətən də belə bir ehtimal mümkündürmü? Həmin səs yazısının məhz bu günlərdə yayılmasının xüsusi səbəbi ola bilərmi?
Hərbi ekspert Səxavət Məmməd Referans-a açıqlamasında bu sualları cavablandırıb.
“Son günlər Rusiya və Azərbaycan arasında siyasi grginlik var. Bu siyasi gərginliyin başlama səbəbi təbii ki, Azərbaycan vətəndaşlarının Rusiya hüquq-mühafizə orqanları tərəfindən öldürülməsi prosesi oldu. Bundan sonra tərəflər bir-birinə nota verdilər, Azərbaycan tərfəi adekvat davrandı və s. proseslər baş verdi. Konkret olaraq görünən budur ki, Azərbaycanla Rusiya arasında siyasi gərginlik var. Bu gərginlikdən istifadə etmək istəyən qüvvələr də olacaq. Buna görə də yayılan səs yazısının gerçək olub-olmadığını biz dəqiq bilmərik. Bəlkə də bu səs yazısı süni intellektlə düzəlib. İndiki mərhələdə elə bir vəziyyət yaranıb ki, təxribatlar, prosesi alovlandırmaq istəyənlər daha çox olacaq. Həmin səs yazısının gerçək olub-olmamasından asılı olmayaraq Azərbaycana hər şey aydındır. Azərbaycana məxsus olan təyyarə Rusiya ərazisində və Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Vurulma nəticəsində insanlar həyatlarını itiriblər”.
Ekspert əlavə olaraq bildirib ki, yayılan səs yazısı qərəzli məqsəd də daşıya bilər. Bu səbəbdən təşviş yaratmamaq, ekspertizanın səbəbini gözləmək daha məqsədəuyğundur.
“Hesab edirəm ki, bu səs yazısı gerçək olsa idi, Rəsmi Bakı bunu çoxdan ifşa etmişdi və bununla bağlı çoxdan tədbirlər görmüşdü. Hazırda süni intellekt elə bir həddə çatıb ki, siravi insanlar nəyin gerçək, nəyin süni olduğunu anlaya bilmirlər. İndiki mərhələdə təyyarə qəzası ilə bağlı cinayət işi açılıb və hazırda da davam edir. Belə bir mərhələdə gərginliyin daha da artmasını istəyəcək qüvvələr olacaq və bu yöndə atılan addımların sayı düşünürəm ki, çox olacaq”.