Məhbus ailələri “Tolik” kimi tanınan televiziya aparıcısı Tarix Əliyevi məhkəməyə verməyə hazırlaşır.
Bu barədə Bizimyol.info xəbər portalına məhbus ailələrindən Arzu Abdulla məlumat verib.
“Bir qrup məhbus ailəsi olaraq, Tarix Əliyev (Tolik) adlı aparıcını məhkəməyə vermək qərarına gəlmişik. Vəkillə sabah müqavilə bağlayacağıq. Bizə qoşulmaq istəyən olarsa, qoşula bilər”, - deyə Arzu Abdulla bildirib.
Onun sözlərinə görə, Toliki məhkəməyə vermələrinin səbəbi aparıcının məhbus ailələrini təhqir etməsidir. Arzu Abdulla bildirib ki, aparıcının sosial şəbəkələrdə yayılan səs yazısında məhbus ailələrinin ünvanına təhqir xarakterli ifadələr səslənib.
“Bu, onun ilk belə məsuliyyətsiz hərəkəti deyil. Bir müddət əvvəl də MAXE-ləri (Müddətdən Artıq Xidmət Edənlər) təhqir etmişdi. Çox təəssüf edirəm ki, cəzalandırılmadı. Cəzasızlıq da yeni-yeni qanunsuzluqlara rəvac verir”, - deyə Arzu Abdulla əlavə edib.
Tarix Əliyev özü isə sosial şəbəkələrdə yayılan səs yazısı və məhbus ailələrinin onu məhkəməyə verməsinə hələlik münasibət bildirməyib.