“1 iyul tarixində “Azercell” mobil operatorunun ödəniş kartlarının istifadə müddəti ilə bağlı dəyişikliklər edəcək. Dünya ölkələrində belə model var, amma aylarla ölçülən modeldir, günlərlə yox. Bəzi ölkələrdə bəzi mobil operatorlar bunu tətbiq edir, amma hamısı yox. “Azercell”in yanaşması təəccüblüdür və şirkətin yeni qərarı bir daha sübut etdi ki, Azərbaycanda iqtisadi model anormaldır. Aydındır, “Azercell” daha çox pul qazanmaq istəyir, buna görə xidmət haqqını artırır. İstəyir ki, müstəriləri daha aktiv olsunlar. Qanunla bu, qadağan deyil. Mobil operatorlar bizdə şərtlərini özləri müəyyən edirlər və formal olaraq inhisar yoxdur”.
Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
“Azərbaycanda üç mobil operator var. Hamı başa düşür ki, keyfiyyət baxımından “Azercell” qat-qat üstündür. Şəxsən mənim üçün bir müştəri kimi keyfiyyət, müştəriyə münasibət önəmlidir. Müqayisə etsək, bunlar “Azercell”də də ideal deyil, amma digərlərinə baxanda daha yaxşıdır. Bank sistemini də tənqid edirik ki, inhisar var, amma müqayisə etsək, yenə də bank sistemində real özəl banklar var. Hazırda isə faktiki olaraq bizdə bazarda real rəqabət yoxdur. Bu baxımdan, istehlakçıların hüquqları pozulur. Amma qanuni nöqteyi-nəzərdən nəsə etmək mümkün deyil. Mən də "Azercell"in müştərisiyəm. Nə edək? Gedək, başqa mobil operatorun müştərisi olaq? Mən şəxsən olmayacağam, çünki onların müştəriyə münasibətini görmüşəm”, — hüquqşünas bildirib.