Son günlərdə lisey və gimnaziyalara şagird qəbulu ilə bağlı qəbul edilmiş yeni qərar cəmiyyətdə geniş müzakirələrə və narazılıqlara səbəb olub. Milli Məclisin deputatı Fazil Mustafa məsələ ilə bağlı parlamentin plenar iclasında çıxış edərək bildirib ki, ictimai etirazlardan sonra bu qərarın ləğv olunması zərurətə çevrildi. Deputat həmçinin vurğulayıb ki, təhsil strategiyasına yanaşmada məsuliyyətli və ardıcıl mövqe sərgilənməlidir: "İndiki rəhbərlik bugünkü problemlərin 20 il əvvəlki səhvlərin nəticəsi olduğunu deyir. Amma bu gün buraxılan səhvlər barədə də 20 il sonra danışılacaq. Mühüm olan səhv axtarmaq yox, problemlər üzərində ciddi düşünməkdir".
Qeyd edək ki, Təhsil İnstitutunun ilkin məlumatına əsasən, bu il lisey və gimnaziyalara yalnız 6-cı sinif şagirdlərinin (yəni 7-ci sinfə keçənlərin) mərkəzləşdirilmiş imtahan vasitəsilə qəbuluna imkan yaradılacaqdı. Bu isə övladlarını əvvəlcədən – xüsusilə 4 və 5-ci siniflərdən etibarən liseylərə hazırlaşdıran valideynlərin haqlı narazılığına səbəb oldu. Sosial etiraz dalğasının ardından qərar yenidən nəzərdən keçirildi və dəyişdirildi. Yeni qaydalara əsasən, artıq yalnız 6-cı siniflər deyil, 4, 5 və 7-ci siniflərdə təhsil alan (2025–2026-cı tədris ili üzrə V, VI və VIII sinfə keçən) şagirdlərin də mərkəzləşdirilmiş imtahanda iştirak hüququ təmin ediləcək. Bu addım, həm şagirdlərin təhsil imkanlarına bərabər çıxışını təmin etmək, həm də onların ilboyu davam edən hazırlıqlarını nəzərə almaq baxımından əhəmiyyətli bir düzəliş kimi dəyərləndirilir.
ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov isə “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycanın təhsil sistemində son illərdə yaşanan hadisələr, xüsusilə də lisey və gimnaziyalara qəbul qaydalarının ictimai rəyə zidd olaraq qəfil dəyişdirilməsi və daha sonra bu qərarın təzyiqlər nəticəsində geri çəkilməsi, strateji planlamanın yoxluğu və idarəetmədə ardıcıllığın pozulması kimi ciddi struktur problemləri üzə çıxarır:
“Təhsilin təbiətinə uyğun olmayan bu tip impulsiv qərarlar, ölkənin gələcək nəslinin formalaşmasına birbaşa təsir edən sahəyə qeyri-ciddi və təcrübəsiz yanaşmanın təzahürüdür. Belə addımlar yalnız texniki səhv deyil, strateji düşüncənin olmamasının göstəricisidir. Bu cür hallar ictimai etimadı sarsıdır, valideynlərdə və müəllimlərdə dövlət siyasətinə qarşı inamsızlıq yaradır.
Statistika göstərir ki, 2024-cü ildə mərkəzləşmiş qaydada keçirilən lisey qəbul imtahanlarında 12 minə yaxın 5-ci sinif şagirdi iştirak edib. Bu, son illərdə dövlət liseylərinə marağın nə qədər artdığını və vətəndaşların övladları üçün daha keyfiyyətli təhsil mühiti axtarışında olduğunu təsdiqləyir. Amma bu, artan tələbat fonunda qəbul sisteminin qəfil ləğvi, ardınca da ictimai təzyiqlərlə geri çəkilməsi, təhsil idarəçiliyində uzunmüddətli hədəflərin və sabitlik prinsipinin olmadığını açıq şəkildə ortaya qoydu”.
Ekspertin sözlərinə görə, “Təhsil haqqında” Qanunun 3.2-ci maddəsində təhsilin milli maraqlara, insan hüquqlarına, şəffaflığa və davamlı inkişafa əsaslanmalı olduğu qeyd edilir. Bu maddə hər bir qərarın cəmiyyətin bütün təbəqələri üçün ədalətli və əlçatan olmasını təmin etməyi tələb edir. Lakin liseylərə qəbul məsələsində bu prinsiplər pozuldu: xüsusilə aztəminatlı ailələrin övladları üçün keyfiyyətli və pulsuz təhsilə çıxış imkanı məhdudlaşdırılıb:
“Qanunun 6.3-cü maddəsində “təhsil sahəsində qərarların qəbulunda ictimaiyyətin iştirakı təmin edilməlidir” bəndi yer alır, amma bu prosesdə nə ictimai dinləmə aparıldı, nə də ekspert rəyləri nəzərə alındı. Bu isə normativ-hüquqi çərçivələrin pozulması ilə yanaşı, idarəetmədə məsuliyyətin qeyri-müəyyən olduğunu göstərir. Müsbət tərəf ondan ibarətdir ki, ictimai təzyiq və cəmiyyətin reaksiyası nəticəsində qərar ləğv olundu və bu, vətəndaş cəmiyyətinin təhsildə söz sahibi ola biləcəyini göstərdi. Amma bu hal islahat nümunəsi deyil, böhranın nəticə olaraq aradan qaldırılmasıdır. Əgər təhsil sistemində strateji təfəkkür, elmi əsaslandırılmış qərarvermə mexanizmi və ardıcıllıq olsaydı, belə ziddiyyətli və təlatümlü prosesə ehtiyac qalmazdı. Dünya təcrübəsinə nəzər saldıqda, inkişaf etmiş ölkələrdə təhsil sahəsində hər hansı dəyişiklik geniş ictimai müzakirəyə çıxarılır. Məsələn, Finlandiyada kurikulum dəyişiklikləri ən azı 3 il öncədən elan olunur və bununla bağlı bütün maraqlı tərəflərin iştirakı ilə ictimai debatlar keçirilir. Almaniyada hər hansı yeni təhsil qərarı federativ səviyyədə razılaşdırılır və pilot tətbiq olunmadan qüvvəyə minmir. Azərbaycanda isə tez-tez dəyişən qaydalar, eksperiment xarakterli addımlar və informasiyanın şəffaf olmaması təhsil sistemini qeyri-sabit vəziyyətdə saxlayır. Bu isə həm pedaqoqların, həm də valideynlərin planlama və hazırlıq imkanlarını məhdudlaşdırır”.
Bütün bu faktlar fonunda K.Əsədov qeyd edib ki, Azərbaycanın təhsil strategiyasında yalnız texniki dəyişikliklərlə keyfiyyətə nail olmaq mümkün deyil:
“Məzmun yönümlü, ardıcıl və hüquqi cəhətdən qorunan bir inkişaf xəttinə ehtiyac var. Bu inkişaf xətti pedaqoji əsaslara, sosial ədalət prinsipinə, elmi təhlillərə və ictimai konsensusa söykənməlidir. Qərarların stabil olması, əvvəlcədən elan olunması və ictimai maraq balansı saxlaması, təhsilin uzunmüddətli inkişafı üçün əsas şərtlərdən biridir. Əks təqdirdə, bu gün lisey qərarında olduğu kimi, sabah ali təhsildə, dərslik siyasətində və ya müəllimlərin qiymətləndirilməsində eyni qeyri-sabitlik yenidən təkrarlanacaq. Bunun qarşısını almaq üçün təhsildə idarəetmə strukturu yenidən qurulmalı, səlahiyyət bölgüsü və cavabdehlik mexanizmləri müəyyən edilməlidir. Dövlət təhsil siyasətində şəffaflığı artırmalı, ictimai rəyə açıq olmalı, eyni zamanda təhsil ekspertizası və elmi əsaslandırma mərkəzləri ilə işləməlidir. Əgər bu dəyişikliklər baş verməzsə, Fazil Mustafanın da qeyd etdiyi kimi, bu gün edilən səhvlər növbəti 20 ildə də təkrar ediləcək və biz eyni problemləri yenidən müzakirə etməli olacağıq. Bu isə ölkənin təhsil sisteminə və gələcək nəsillərinə qarşı ən böyük məsuliyyətsizlik olacaq”.