Gənc və müstəqil Azərbaycanda bu gün idman cəmiyyətin ayrılmaz hissəsinə çevrilib. Hazırda Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Sözsüz ki, bu uğurların təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. İdmanın inkişafı bir neçə vacib məqsədlə təmin edilir: ilk növbədə, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırır, eyni zamanda, idmanın kütləviliyini təmin edilir. İdman infrastrukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət almışdır.
Azərbaycan nisbətən gənc müstəqil dövlətdir. Bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazana bilmişik. Bu gün Azərbaycan idmançıları hər bir rəqib üçün çox ciddi sınaqdır və idman ölkəsi adını qazanmaq asan məsələ deyildir. Azərbaycan idmanı yeni dövrə qədəm qoyub və yeni başlanğıcın da önündə olimpiyaçılarımız gedir. Azərbaycan olimpiyaçılarının nailiyyətləri xalqımızın qürur mənbəyinə çevrilib. Onların göstərdiyi şücaət gənclərin istinad yeri olmaqla yanaşı, həm də vətənpərvərlik öyrəndiyi bir məsələdir. Azərbaycan olimpiyaçıları davamlı olaraq ölkəmizə medallar gətirib, qələbələr qazandırması gənclərin bu sahəyə olan marağını yüksəldir.
İyun ayının 1-də ilk dəfə olaraq ölkəmizdə keçirilən minifutbol üzrə dünya çempionatı çox böyük uğurla başa çatıb. Çətin rəqabət şəraitində keçən çempionatın final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, öləmizin milli komandası tarixində ilk dəfə olaraq dünya çempionatının qalibi olub.
Qələbənin ertəsi günü, iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edərək bildirib ki, “Siz Azərbaycan xalqına yeni qələbə sevinci bəxş etmisiniz! Dünya çempionu olmaq böyük şərəfdir və böyük məharət tələb edir, xüsusilə komanda idman növündə. Bu, artıq gözəl tarixdir. Bu tarixi yazan da sizsiniz və şadam ki, Azərbaycanda minifutbol üzrə belə güclü oyunçularımız var”.
Çempionatın oyunlarını diqqətlə izləyən dövlətimizin başçısı qeyd edib ki, “bu qələbə ədalətli mübarizədə qazanılmış qələbədir. Siz bu qələbəyə layiqsiniz. Futbol meydançasında bütün rəqibləri üstələmisiniz və eyni zamanda, gözəl komanda ruhu nümayiş etdirmisiniz. Görürəm ki, oyunçular bir-birinə çox bağlıdır, bir ailə kimidir. Əlbəttə ki, komandada hökm sürən bu gözəl ab-hava, bu iqlim qələbənizi şərtləndirən amillərdən biridir, eyni zamanda, bütün tamaşaçılar da bunu əyani şəkildə görüblər”.
Vurğulanıb ki, komandamız bu qələbəyə layiqdirlər və bütövlükdə qələbələr Azərbaycana yaraşır. “Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər” – deyə cənab Prezident idmançılarımızı təbrik edib.
İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi təbliğati-siyasi məzmun kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. Azərbaycan dünyada elə ölkələrdəndir ki, bütün sahələrdə əldə olunan nailiyyətlər konsepsiyaya əsaslanır. O cümlədən də, idman sahəsindəki qələbələr, nəticələr də məhz konsepsiyaların, uzun dövr üçün hazırlanan proqramların nəticəsində əldə olunub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, idmanın inkişafı dövlət siyasətidir və bu inkişafı müəyyən edən bütün amillər Azərbaycanda var. Prezident İlham Əliyevin şəxsi səyi sayəsində bölgələrdə gənclərin sağlam şəkildə yetişdirilməsi, ölkəmizin genefondunun-gənclərimizin sağlam ruhda böyüməsi üçün əsaslı addımlar atılır.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"