Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtda 1100 binanın qəzalı vəziyyətdə olduğunu, onların sökülməsinə start verildiyini açıqlayıb.
Söküntülər hansı ardıcıllıqla aparılır? Evləri sökülən sakinlərə kompensasiya hansı qaydada veriləcək?
Mövzu ilə bağlı TNS-ə danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, Bakı şəhərinin Baş Planı 2023-cü ilin dekabr ayında təsdiqlənib və 2040-cı ilə qədər paytaxt sənəddə göstərildiyi kimi olacaq.
Onun sözlərinə görə, 2016-cı ildən başlayaraq, paytaxt ərazisində qəzalı və istismar müddətini bitirmiş binaların söküntülərinə start verilib: “Bu günə qədər onlarla köhnə çoxmənzilli yaşayış binası sökülüb və yeniləri ilə əvəzlənib. Yeni binalardan ev verilənədək mənzili sökülən vətəndaşlara şirkətlər tərəfindən kirayə xərcləri ödənilir. Əvəzləşmə olaraq, otaq sayına uyğun ümumi sahəsi daha böyük tam təmirli mənzillər verilir. Söküntülər iki formada aparılır: dövlət, özəl tikinti şirkətləri tərəfindən.
Özəl tikinti şirkətləri həmin əraziləri sökərək, onların yerində yeni binalar tikir. Vətəndaşları həmin binalarda mənzillər ilə təmin edir”.
Ekspert qeyd edib ki, 1100 bina istismar müddətini başa vurmuş hesab olunsa da, qəzalı kimi qeydə alınmış köhnə çoxmənzilli binaların sayı 150-ə qədərdir”.