İrəvan bu günlərdə Bakının sülh müqaviləsi ilə bağlı son təkliflər paketinə cavab verib. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bildirib. Paşinyan regional kommunikasiyaların açılması ilə bağlı qərarın ola biləcəyini də qeyd edib. O bildirib ki, prinsip etibarilə, bu, Ermənistan və Azərbaycan üçün qarşılıqlı və tamamilə məqbul ola bilər. Biz təklifimizi Azərbaycana yazılı şəkildə çatdırmışıq.
Politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, Azərbaycanın 11-ci təkliflər paketinə Ermənistanın belə tez-tələsik cavab verməsi rəsmi İrəvanın əvvəlki kimi zamana oynamaq fikrində olmadığını göstərir:
“Əgər mümkün olarsa, Ermənistan ilin sonuna kimi sülhü imzalamaq niyyətindədir. Bunun müəyyən mənada təməli Kazan şəhərində BRICS-in XVI sammitində əldə olunub. Ona görə Ermənistan tərəfindən bu cür pozitiv yönümlü fikirlər səsləndirilir. Kommunikasiyaların açılması məsələsinə gəldikdə isə burada da sadələşdirilmiş sistem adı altında Azərbaycan vətəndaşlarına və yüklərinə ciddi problem yaradılmayacaq. Eyni zamanda Azərbaycan vətəndaşlarının və yüklərinin təhlükəsizliyi təmin ediləcək. Düşünürəm ki, bütün detallar razılaşdıqdan sonra ikitərəfli qaydada proses mümkün olacaq. Müsbət olan məsələ də bundan ibarətdir. Yəni nə Rusiyanın nəzarəti təmin olunacaq, nə də Qərbin müdaxiləsinə yer veriləcək. Qarşılıqlı olaraq belə problemlərin həll olunması regiona, Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir. Sülhə aparan yolun əsaslarından biri bütün kommunikasiyaların açılmasından və birgə əməkdaşlıqdan keçir”.