Yeni qaydaya əsasəsən dönər üçün lazım olan ət, yalnız Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tələb etdiyi kəsim məntəqələrindən alınmalıdır. Bu addımın dönərdən zəhərlənmə hallarının qarşısının alınması üçün atıldığı iddia edilsə də, biz dəfələrlə bu kimi addımların fərqli məqsədlərə xidmət etdiyinin şahidi olmuşuq...
Hər zaman deyirlər məsələlərə pozitiv yanaşmaq lazımdır, amma kim zəmanət verə bilər ki, bu qayda rüşvət hallarının daha da artması üçün verilməyib və yaxud onsuz da mətbuata şəffaf olmayan, özünün müəyyən etdiyi xüsusi jurnalist qrupu ilə işləyən AQTA-nın bu fəaliyyətinin şəffaf olduğuna bizi kim inandıra bilər?
Etiraf etməliyik ki, AQTA-ya təyin edilən sözçülər də uğursuz olub. Mətbuatla işini yaxşı qura bilməyib. Ya da sanki "öz ətrafındakılar" ilə işləməyə çalışıb ki, bu da nəticədə AQTA-nı "şübhəli" fəaliyyət göstərən qurum durumuna salıb.
Nə isə... Bunu sıradan bir vəziyyət kimi qəbul etməliyik, başqa çarəmiz varmı sanki?!
Bəs dönərlə bağlı təyin edilən "yeni" qaydalar nədir və özündə nəyi ehtiva edir?
“Azad İstehlakçılar Birliyi” nin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yeni qaydaya görə, dönər üçün ət AQTA-nın tələb etdiyi kəsim məntəqələrindən alınmalıdır.
“Məlum məsələdir ki, həmin ətlər kəsim məntəqələrində baytar yoxlamalarından keçirilir və təhlükəsizdir. Məncə, dönərxanalar bu məntəqələrdən ət alacaq və üstəlik kağız da alıb divara vuracaqlar ki, ətlər qeyd olunan məntəqələrdən alınıb. Amma paralel şəkildə əvvəl olduğu kimi yenə istədikləri ətlərdən istifadə edəcəklər. Heç kəs sübut edə bilməyəcək ki, bu ət fərqli ətdir”-deyən ekspert hesab edir ki, heç bu qaydanın tətbiqi də dönərdən zəhərlənmə hallarını aradan qaldırmayacaq.
Ekspert həmçinin bildirib ki, dönərdən zəhərlənmə halları əksər hallarda ətdən olmur: “Burada mayonez, digər tərəvəzlər və ingridentlər böyük rol oynayır. Eyni zamanda bu gündən sabaha saxlanılmış dönərlərə də diqqət yetirilməlidir. Çünki çirklənmiş dönərlərdəki ətin istehlakçını zəhərləməsi üçün ət göyərməli və qoxu verməlidir.
P.S. Göründüyü kimi AQTA-nın yeni təşəbbüsü də heç də istehlakçıların təhlükəsizliyinə, sağlamlıq üçün risk daşıyan faktorlardan müdafiəyə hesablanmayıb. Hər nədirsə, çox keçməz Türklər demiş: “çıkar kokusu”...