Prezident İlham Əliyev Zəfər parkının açılışında xalqa müraciəti zamanı Qərbə və Ermənistana mühüm mesajlar verdi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycana qarşı növbəti işğalçı müharibəyə cəhd edilsə, rəsmi Bakını heç kim dayandıra bilməyəcək və Ermənistan növbəti fəlakətini yaşayacaq.
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, ölkəmizə qarşı hər hansı təxribat olarsa, Ermənistanın cavabı kəskin şəkildə verəcək:
“Bunu etməyə Azərbaycanın kifayət qədər gücü var. 44 günlük müharibə və antiterror əməliyyatları zamanı bunu hər kəs gördü. Ordunun daha da müasir silahlarla təchiz olunması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi istiqamətində böyük addımlar atılıb. Hazırda Azərbaycan Ordusu Ermənistanın istənilən təhdidinin qarşısını almaq gücündədir. Rəsmi İrəvanın müəyyən təxribatlara əl atması da gözləniləndir. Çünki Ermənistanı buna təhrik edən qüvvələr var. Avropa İttifaqının “müşahidə missiyası” adı altında sərhəd xəttinə yerləşdirdiyi qüvvələr faktiki olaraq bölgədə təxribatın yaradılmasına çalışır. Onlara Fransa kəşfiytatının əməkdaşları da qoşulub”.
Politoloq qeyd edib ki, Fransa Azərbaycan və Ermənistan arasında münasibətlərin gərginləşməsinə xidmət edir:
“ABŞ da Ermənistana müəyyən mənada yardımını əsirgəmir. Humanitar yardım adı altında verilən pullar hərbi məqsədlər üçün istifadə olunur. Prezident İlham Əliyevin də səsləndiriyi bu fikirlər Ermənistan və Qərbdəki havadarlarına növbəti kəskin mesajdır”.