Əli Həsənovun saxlanıldığı deyildi... - Özü isə bu xəbəri yalanladı
Tarix: 28-12-2019, 10:25 |
Çap et
Keçmiş ideoloq, Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov Almaniyaya gedərkən aeroportda saxlanılıb. Bu barədə sabiq millət vəkili Gülər Mikayılqızı özünün facebook səhifəsində paylaşıb.
KONKRET.az-ın əldə etdiyi digər məlumata görə, o, Almaniyaya müalicə adı ilə gedirmiş. Onun xaricə buraxılmamasının səbəbi isə ona məxsus obyektlərdə vergi yoxlamaları ilə bağlı olduğu bildirilir. Sosial şəbəkələrdə yayılan digər məlumatlarda deyilir ki, Əli Həsənovun ölkədən çıxışına qeyri-müəyyən müddətə “Stop” qoyulub.
***
Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənov ölkəni tərk edərkən saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib...
Ə.Həsənov deyib ki, yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir.
O, hazırda Almaniyada olduğunu bildirib: "Bu xəbərlər tamamilə yalandır. Mən indi Almaniyada xəstəxanadayam, müayinə keçirəm".
Qeyd: Prezident İlham Əliyev noyabrın 29-da Əli Həsənovun Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. (Demokrat.az)