
İxracı neftdən və digər xammaldan asılı olan ölkələr Çində baş verənləri həyacanla izləyir.
Bu da səbəbsiz deyil. Neftin kəskin ucuzlaşmasında başqa amillərin də rolu var, ancaq dünyanın ikinci ən iri iqtisadiyyatına malik Çində iqtisadi artım tempinin yavaşıması bir vaxtlar bareli 150 dollara satılanda “qara qızıl” adını özünə möhkəm pərçimləyən neftin yenidən bahalaşacağına olan ümidləri sarsıdıb.
Virtualaz.org saytı xarici iqtisadi nəşrlərə istinadən xəbər verir ki, dünyanın ikinci ən iri iqtisadiyyatına malik ölkənin iqtisadiyyatının başının üstünü alan suallar neftin qiymətinin artmasına olan ümidləri heçə endirir. Bu isə neft hasilatı ilə məşğul olan ölkələr üçün yeni risklər meydana çıxarıb.
Rusiyada rublun dollara nisbətdə kursu il ərzində ən aşağı səviyyəyə enib, Qazaxıstanda təngənin kursu sərbəst buraxılan kimi 25 faiz dəyərini itirib.
Neftin ucuzlaşmasının əsas səbəbkarı Çin olduğu kimi yaxın keçmişdə onun kəskin bahalaşması da bu ölkə ilə bağlı idi. İllərdir Rusiyadan tutmuş Venesuelaya, Azərbaycandan tutmuş Qazaxıstana və Nigeriyaya qədər neft hasilatçıları Çinin bitib-tükənməyən tələbatının neftin qiymətini rekord səviyyəyə qaldırmasını məmnunluqla izləyirdilər.
Bu neft gəlirləri hasilatçı ölkələrin xəzinələrini dollarla doldururdu, onların özünə inamını möhkəmləndirirdi və geosiyasi strategiyasını formalaşdırmağa kömək edirdi.
Elə Rusiyanın üzünü Asiyaya çevirməsinin əsas səbəbi də Çində enerji daşıyıcılarına sonsuz tələbatla əlaqəli idi. İndi isə Rusiya Çinlə birgə energetika layihələrini, o cümlədən nəhəng qaz kəməri tikintisini təxirə salmalı olur.
Ən böyük problem odur ki, hazırda heç kim Çin iqtisadiyyatında məhz nə baş verdiyini əminliklə bilmir. Hökumətin rəsmi məlumatlarına əsasən Çində ÜDM artımı planlaşdırıldığı kimi 7 faizdir.
Lakin polad istehlakından tutmuş misə, elektrik enerjisinə qədər bir çox digər göstəricilər iqtisadi artımın yavaşıdığını göstərir.
Son 20 ildə Çinin neft bazarında qiymətlərin formalaşmasına təsiri danılmazdır. 1993-cü ilə qədər Çin öz-özünü neftlə təmin edirdi. 2000-ci ilin əvvəllərində isə tələbatın artması ilə bağlı Çin gündə 1.3 milyon barrel neft ixrac edirdi. 2014-cü ilin sonlarında isə Çin artıq gündə 7,1 milyon barrel - ABŞ qədər neft alırdı. Bu isə neftə tələbatı kəskin artırmışdı və sonda qiymətlərin rekord həddə çatmasına səbəb olmuşdu.
Çin hələ də böyük həcmdə neft istehlak edir, ancaq digər məhsullar kimi neftə tələbat əvvəlki qədər artmır. OPEC və kartelə daxil olmayan ölkələr isə nefti əvvəlki həcmlərdə hasil etməkdə davam edirlər. Sanki Çinin dibsiz çəlləyi xatırladan tələbatı əvvəlki kimi qalır.
Beynəlxalq analitiklər qeyd edirlər ki, neft və digər xammal növlərinin ixracından asılı olan ölkələr nahaq yerə qiymətlərin uzun müddət yüksək qalacağından arxayın olaraq öz iqtisadiyyatlarını şaxələndirmədilər.
Məsələn, Qazaxıstan 15 il müddətində ixrac etdiyi xammalın hesabına sürətli iqtisadi artım yaşayıb, lakin indi bu gəlhagəlin əvəzini ödəyir. İnvestorlar Qazaxıstana adi xammal ölkəsi kimi baxırlar.
Xammala əsaslanan “yüksəliş köhləni” daha əvvəlki sürətlə çapa bilmir, çünki dünyada bütün xammalların qiymətləri eniş dövrünü yaşanır və hökumət bütün yüksəliş dövrü ərzində xammaldan başqa investorları cəlb edəcək elə bir sərfəli sektor yaratmayıb.
Qazaxıstanın nümunəsi onun kimi başqa neft, qaz, metal xammalı ölkələrinin necə riskli bir vəziyyətdə olduqlarını göstərir. Çünki xammal qiymətlərini öncədən proqnozlaşdırmaq mümkün olmayacaq dərəcədə çətindir. Onlar ötən onillik ərzində xammal qiymətlərinin yüksəlişindən bəhrələniblər, amma indi çarx tərsinə fırlanmağa başlayıb.
“Bu ölkələr ötən onillik ərzində xammal qiymətlərinin yüksəlişindən bəhrələniblər, gəlirləri, amma onunla yanaşı daxili tələbatları da artıb, amma indi çarx tərsinə fırlanmağa başlayıb - Çinin artım sürəti azalır, investisiya perspektivləri narahatlıq doğurur, bu da öz növbəsində mallara tələbatı azaldır və qiymətlər düşür”- deyə Londonda mənzillənmiş iqtisadçı Uilyam Cekson deyir.
İndi xammala qlobal tələbatın azaldığı bir vaxtda, bütün mallar kimi xammal da ucuzlaşır, investor tələbatı da enir. Hökumətlər daha az gəlir gəldiyinin şahidi olurlar, xarici valyutaya daha çox pul ödəmək lazım gəlir.
Bu ölkələrin əhalisi isə xammalın satışından alınan pulla gətirilən xarici malların bahalaşması ilə üzləşirlər.
Əksər xammal ixrac edən ölkələr üçün onun qiymətdən düşməsi gözlənilməz olub, çünki bu qiymətlər son aylaradək kifayət qədər yüksək idi. Amma çox az hökumətlər bildirdilər ki, bu, Çinin sürətli iqtisadi artımına görə belədir. Çin sürətlə sənayeləşirdi, şəhərləşirdi, yeni infrastruktur inkişafda idi, buna görə də alüminium, mis və polada və əlbəttə enerjiyə tələbat artırdı.
Bu gün Çin xammal materiallarının ən böyük qlobal idxalçısıdır. Bunların əksəriyyəti isə başqa inkişaf etməkdə olan ölkələrdən gəlirdi.
İndi iqtisadçılar deyirlər ki, hazırda xammal bazarında baş verənlər iqtisadiyyatlarını ixrac üzərində quran ölkələr üçün bir dərsdir. Onlar artıq ekspertlərin durmadan tövsiyə etdikləri kimi iqtisadiyyatlarlını şaxələndirməlidirlər.
Hazırda keçmiş sovet respublikalarının əksəriyyəti xammal ixracından asılıdır. Azərbaycanda ixracın 90 faizə yaxınını neft təşkil edir. Xammal ixracı isə ayrılıqda davamlı inkişaf yolu ola bilməz. Çünki bu sahədə çox işçiyə ehtiyac yoxdur, məsələn, Azərbaycanda neft sektorunda ölkənin ümumi məşğul əhalisinin cəmi 1,5 faizə yaxını işləyir.
Bütün bu təlatümlü iqtisadi proseslər fonunda Azərbaycan üçün ümidverici olanı budur ki, son illər ölkədə qeyri-neft sektorunun inkişafı sürətlənib.
Hərçənd ki, dünya bazarlarında rəqabətədavamlı məhsulların istehsalı və ixracı sahəsində vəziyyət hələ də yaxşı deyil.
Digər ümidverici amil ölkənin xarici borclarının ÜDM-ə nisbətdə payının cüzi olmasıdır. Bu isə hökumətə imkan yaradır ki, böhran dövründə xarici borclanmaya gedərək qeyri-neft sektoruna kapital qoyuluşlarını artıra bilsin.









