“Mən xəstə qadınam. İki dəfə insult keçirmişəm. Bacım da eynən mənim kimi xəstədir. Özümə gələndən sonra əlbəttə ki, İlhamənin mahnılarını hansısa formada toplayıb, təqdim edəcəyik. Bu haqda çoxdandır düşünürəm. Niyə də yox? Sadəcə hələ ki, bu haqda konkret hansısa addımların atıldığını deyə bilmərəm”.
Bunu Moderator.az-a açıqlamasında mərhum sənətkar, Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva deyib.
O daha sonra bacısının mahnılarını onun kimi heç kimin oxumadığını bildirib:
“Bacım üçün bir çox bəstəkarlar onun səsinə uyğun mahnılar yazıblar. Mənə bugünlərdə bir bəstəkar xanımından da zəng gəldi. O da dedi ki, bu mahnılar toplanmalıdır, hər kəs İlhamə xanımın mahnılarını ifa etməməlidir. Mən əslində heç kimə etirazımı bildirmirəm. İlhamənin mahnılarını hər adam yaşada bilməz. Onun mahnıları möhtəşəmdir. Oxuyanlar var, olub və olacaq da. Amma onun kimi heç kim mahnıları yaşayaraq ifa etməyib”.














