Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Oleksandr Sırski son vaxtlar ölkədə hərbi təchizat, səfərbərlik və dron strategiyası ətrafında yaranan kəskin müakirələrə reaksiya verib.
“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, Baş komandan daxili çəkişmələrə son qoyaraq ordu və hökumət arasında birliyin vacibliyini vurğulayıb.
Rəqəmsal İnformasiya Naziri Mixail Fedorovla aralarında gərginlik olması barədə yayılan xəbərləri təkzib edən Sırski, şəxsi münaqişə iddialarını rədd edib: "Nazirlə aramızda konflikt olması barədə xəbərləri eşidəndə təəccübləndim. Əgər kimisə incitmişəmsə - Mixail Albertoviç, bağışlayın. Mən kobud ola bilərəm”.
Sırski Ukraynanın aydın hərbi strategiyasının olmaması barədə ittihamları da qətiyyətlə rədd edib.
O bildirib ki, hərbi əməliyyatların planlaşdırılması ictimaiyyətə açıq şəkildə aparıla bilməz: "Müharibə strategiyası açıq sənəd və ya sosial şəbəkələrdə yazılan bir post deyil".
Sırski pilotsuz uçuş aparatlarının (PUA) tətbiqinin genişləndirilməsinə qarşı çıxması ilə bağlı iddialara cavab olaraq xatırladıb ki, məhz o, Ukrayna Ordusunda Pilotsuz Sistemlər Qüvvələrini müstəqil qoşun növü kimi formalaşdırıb. Baş komandan vurğulayıb ki, dronlar cəbhədəki itkilərin böyük hissəsini təşkil etsə də, onlar yalnız artilleriya, mühəndis bölmələri, Radioelektron Mübarizə (REM) və HHM sistemləri ilə kompleks şəkildə tətbiq edildikdə effektiv olur.
Səfərbərlik məsələsinə toxunan Baş komandan mövcud müqavilə sisteminin gözlənilən nəticəni vermədiyini açıq şəkildə etiraf edib: “Yeni müqavilə sistemi ilə cəmi 2000 nəfərə yaxın hərbçi xidmətə cəlb olunub. Gözləntilər doğrulmadığı üçün cəbhədəki bir çox mövcud əsgərlərin mənəvi-psixoloji vəziyyətinə mənfi təsir dəyib”.
Sırski əlavə edib ki, Quru Qoşunları və Ərazi İşəqəbul Mərkəzləri (ƏİM) onun tabeliyində olsa da, ümumilikdə səfərbərlik islahatına cavabdehlik Müdafiə Nazirliyinin üzərinə düşür və o, bu sahədəki dəyişiklikləri dəstəkləyir.
Çıxışının sonunda Sırski vacib hərbi diskusiyaların şəxsi rəqabətə çevrilməsinin təhlükəli olduğunu bildirib: "Cəmiyyətin necə 'Fedorov düşərgəsi' və 'Sırski düşərgəsi'nə bölündüyünü görürəm. Müqavilələr, satınalmalar və səfərbərlik məsələləri sosial şəbəkələrdə göründüyündən qat-qat mürəkkəbdir. Müharibə sosial şəbəkələrdəki şou ilə deyil, real işlə qazanılır".
Ekspertlərin fikrincə, Sırskinin bu açıqlamaları Ukraynanın hərbi-siyasi rəhbərliyi arasındakı daxili gərginliyi azaltmağa və diqqəti ictimai müzakirələrə deyil, cəbhədəki real əməliyyat ehtiyaclarına yönəltməyə xidmət edir.
Qeyd edək ki, Oleksandr Sırskinin Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsindən azad edildiyi xəbəri yayılıb. Ancaq rəsmi olaraq elan edilməyib.











