Biləsuvarda xalası oğluna tüfəngdən atəş açaraq onu qəsdən öldürməyə cəhd edən 1995-ci il təvəllüdlü Emin Kərimlinin məhkəmə prosesi başa çatıb.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, E.Kərimli 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Emin Kərimlinin öldürməyə çalışdığı 1989-cu il təvəllüdlü Elçin Əmənov həm də onun kürəkəni olub. Elçin Eminin bacısından boşandıqdan sonra başqa bir qadınla ailə həyatı qurmaq istəyib. Emin isə keçmiş kürəkəninin bu fikrini qəbul etməyib, ondan qisas almaq qərarına gəlib.
O, elə bu məqsədlə idarə etdiyi "Mercedes" markalı avtomobillə Elçin Əmənova tüfənglə küçədə atəş açıb. Atəş nəticəsində Elçin sağ əlindən xəsarət alıb, Emin isə özündən asılı olmayaraq cinayət niyyətini başa çatdıra bilməyib.
Məhkəmə prosesində Elçin Əmənov Emin Kərimlidən şikayətçi olmayıb. Emin Kərimli Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.
Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edib ki, Emin Kərimli CM-nin 29 (cinayət törətmək), 120.2.4-ci maddəsi ilə məhkum olunmalıdır.






