2025-ci ildə Azərbaycanda satılmış 86 147 turizm zərfinin 67 301-i və yaxud 78,1 %-i Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərləri üçün rəsmiləşdirilib.
Statistikaya əsasən, hesabat dövründə ölkədaxili səyahətlər üçün Azərbaycan vətəndaşlarına 8 483 turizm zərfi satılıb. Bu göstərici ümumi satışların 9,8 %-ni təşkil edib.
Bununla yanaşı, Azərbaycanda səyahət etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 10 363 turizm zərfi satılıb ki, bu da ümumi satışların 12 %-i deməkdir.
Beləliklə, ötən il satılan hər 10 turizm paketindən təxminən 8-i xarici ölkələrə səfərlər üçün cəmi 1-i isə ölkədaxili səyahətlər üçün alınıb.
Qeyd edək ki, ölkədə daxili turizmin inkişafı istiqamətində müxtəlif addımlar atılsa da mövcud rəqəmlər hazırda xarici turizmin daha çox uğur əldə etdiyini göstərir.
Bunun səbəbini isə mütəxəssislər müxtəlif amillərlə izah edirlər. Burada ilk amil kimi bölgələrdə turizm obyektlərinin baha olması, xidmət sektorunun kifayət qədər inkişaf etməməsi göstərilir.
Bu gün vətəndaşların daxili deyil, xarici ölkələrə səfərlər üstünlük verməsinin səbəbi nədir?
Məsələ ilə bağlı turizm üzrə ekspert Əziz Şiriyev “Cebheinfo.az”-a bildirib ki, bir çox hallarda ölkədaxili hotellərin qiymətlərinin baha olması əsas gətirilir:
“Vətəndaşlar bildirir ki, həmin pulu xaricdə hansısa istirahətə sərf etmək olar. Fikrimcə, bu düzgün yanaşma tərzi deyil. Çünki bütün insanlar beşulduzlu otellərdə qalmaq istəyir.
Bizim də cənub, şimal, şimal-qərb, qərb istiqamətində beşulduzlu hotellərimiz var. Təbii ki, bunlara rəqib yoxdur deyə, onların da qiymətləri bayram vaxtlarında daha baha olacaq. Əgər biz bundan şikayət ediriksə, bir həftə əvvəl həmin otellərlə əlaqə saxlayanda görürük ki, heç bir oteldə boş otaq yoxdur.
İqtisadiyyatın tələb-təklif kimi qanunu var. Əgər tələbat olmasa, həmin yerdə qiymət artımı olmaz. Həmin otaqlar boş qalsa, ya kampaniya keçirilir və yaxud endirim edirlər. Yəni həmin qiymətə satılmadığı halda avtomatik istəyəcəklər ki, otaqlar dolsun.Bu, dünyanın hər yerində belədir.
Vətəndaşlar gərək turizm şirkətlərinə müraciət etsinlər. Qrup turlarına qoşulsunlar. Çox gözəl, hətta beşulduzlu otellərdə, 2-5 günlük, bayram tariflərində çox münasib qiymətə qalmaq, nəqliyyatla, qidalanmaqla, ekskursiyalarla təmin oluna bilərlər.
Nəyə görə turizm şirkətləri ilə səyahət daha uyğun olur? Çünki turizm şirkətləri həmin iaşə obyektləri, restoranlarla, otellərlə mütəmadi olaraq əlaqədədirlər. Çox gözəl, korporativ qiymətlər əldə edirlər.
Ona görə də onlar digər tarixlərdə də münasib qiymət əldə etdiklərinə görə, turistlərə daha yaxşı qiymət təklif edə bilirlər. Mütəmadi olaraq paketlər yenilənir, yeni ekskursiya yerləri paketlərə əlavə olunur və çox gözəl nəticə əldə olunur. Çünki turizm şirkəti endirim paketi alıb vətəndaşlara daha gözəl təklif verə bilər”.
Ekspertin sözlərinə görə, hər hansı bir ölkəyə, məsələn, hazırda Serbiyaya, Misirə, Dohaya uçuşlar var:
“Dohaya uçuşlar Qətər dövlətinin apardığı siyasət idi ki, subsidiya verirdi. Müəyyən məbləğini vətəndaş ödəyir, bir qismini dövlət ödəyir. Bu isə müvəqqəti idi, hər zaman belə olmur.
Bu gün biz qardaş ölkə Türkiyəyə baxsaq, Antalya, Bodrum, Marmaris, Quş adası və digər istirahət yerlərində fantastik qiymətlərin şahidi olmaq olar. Heç də ucuz deyil. Orada üçulduzlu otellərin qiymətləri 2000-2500 dolların üzərindədir.
Hətta həmin otellərə bir ailə 3000-4000 dollar sərf etməli olur. Ancaq beşulduzlu otellər 8-10 min manatın üzərindədir. Bu onu göstərir ki, xaricdə istirahət də kifayət qədər bahadır”.








