Rusiyanın Sankt-Peterburq şəhərində kriminal aləmdə "Yuska Şamxorski" kimi tanınan azərbaycanlı "qanuni oğru" Yusif Əliyevin saxlanılması ilə bağlı yeni və diqqətçəkən detallar üzə çıxıb.
Musavat.com xəbər verir ki, istintaq materiallarından məlum olub ki, 18 ildən çox axtarışda olan Yusif Əliyev uzun illər tamamilə başqa ad altında yaşayıb.
O, Ruslan Radionoviç Vəliyev adına rəsmiləşdirilmiş sənədlərdən istifadə edib və hüquq-mühafizə orqanlarından gizlənməyi bacarıb. Məhz bu fakt onun illərlə necə izsiz qalmasının əsas səbəblərindən biri hesab olunur.
Yusif Əliyevin saxlanılması həm Rusiya, həm də Azərbaycan mediasında geniş rezonans doğurub. Onun həbsi 1990-cı illərin ən səs-küylü kriminal hadisələrinin yenidən gündəmə gəlməsi kimi qiymətləndirilir. Kriminal aləmdə "Şamxorski" ləqəbi Şəmkir rayonunun sovet dövründəki "Şamxor" adından götürülüb. Açıq mənbələrə görə, hazırda 54 yaşı olan Yusif Əliyev uzun illər postsovet məkanında fəaliyyət göstərən azərbaycanlı kriminal qruplaşmalarla əlaqələndirilib.
İstintaq sənədlərinə əsasən, onun barəsində həbs qərarı Azərbaycanda hələ 2004-cü ildə çıxarılıb. Rusiya mediasında isə uzun müddət onun 2008-ci ildən beynəlxalq axtarışda olduğu bildirilirdi. Azərbaycan hüquq-mühafizə orqanlarının ittihamına görə, Yusif Əliyev 1994-1995-ci illərdə fəaliyyət göstərmiş silahlı dəstənin üzvlərindən biri olub.
Məhkəmə materiallarında göstərilir ki, 1994-cü ilin avqustunda silahlı dəstə bir şəxsi qaçıraraq 3 gün girov saxlayıb, ona işgəncə verib və yaxınlarından 182 min ABŞ dolları tələb edib. Digər epizodda isə 1995-ci ilin fevralında daha bir şəxsin oğurlandığı və azad edilməsi üçün 150 min dollar tələb olunduğu iddia edilir.
Yusif Əliyevə qarşı banditizm, adam oğurluğu, qanunsuz azadlıqdan məhrum etmə, soyğunçuluq və qanunsuz silah dövriyyəsi maddələri üzrə ittiham irəli sürülüb.
Rusiya mediasında onun iki və daha çox şəxsin qətlində, o cümlədən polis əməkdaşının öldürülməsində şübhəli bilindiyi barədə məlumatlar yayılsa da, bu iddialar əsasən hüquq-mühafizə orqanlarındakı mənbələrə və kriminal aləm resurslarına istinad edir, rəsmi məhkəmə hökmü ilə təsdiqlənməyib. Mənbələrin məlumatına görə, Yusif Əliyev beynəlxalq axtarışa verildikdən təxminən 6 ay sonra kriminal aləmin ali kastasına qəbul olunub.
İddialara əsasən, həmin mərasimdə Kamçi Koloev, Giya Sverdlovski, Vadik Krasnodarski, Seryoqa Asatryan kimi tanınmış kriminal avtoritetlərlə birlikdə "taclandırılıb". Bu prosesdə postsovet kriminal dünyasının ən məşhur simalarından biri olan "Yaponçik" ləqəbli Vyaçeslav İvankovun da iştirak etdiyi bildirilir.
Bu məlumatlar rəsmi təsdiqini tapmasa da, Yusif Əliyevin kriminal aləmdə yüksək nüfuza malik fiqur hesab edildiyini göstərən iddialar sırasında yer alır.
2009-cu ilin martında Moskvanın "Podsolnux" restoranında keçirilən kriminal toplantıya polis basqın etmiş, Yusif Əliyev də daxil olmaqla bir neçə azərbaycanlı və gürcü kriminal avtoritet saxlanılmışdı.
Onlar hədə-qorxu ilə pul tələb etmə və adam oğurluğu işləri ilə əlaqələndirilirdilər. Lakin Yusif Əliyev qısa müddət sonra sərbəst buraxılmış, daha sonra isə izini itirmişdi. İllər boyu onun müxtəlif ölkələrdə saxta sənədlərlə yaşadığı və gizli himayədarlardan istifadə etdiyi barədə iddialar səslənsə də, bu barədə rəsmi təsdiq olmayıb. İndi isə məlum olur ki, o, həqiqətən də Ruslan Radionoviç Vəliyev adına sənədlərlə yaşayaraq hüquq-mühafizə orqanlarından yayınmağa nail olub. Sankt-Peterburq məhkəməsinin materiallarına əsasən, saxlanıldığı zaman Yusif Əliyevin Rusiyada daimi qeydiyyatı, rəsmi iş yeri və qanuni yaşayış statusu olmayıb. O, nə Rusiya vətəndaşlığı alıb, nə də qaçqın və ya siyasi sığınacaq üçün müraciət edib.
Rusiya qanunvericiliyinə görə, 2019-cu ildən etibarən cinayətkar iyerarxiyasında ali mövqe tutmaq ayrıca cinayət hesab olunur və buna görə 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Məhz buna görə Yusif Əliyevə həmin maddə ilə də ittiham verilməsi gözlənilir. Bu isə o deməkdir ki, ekstradisiya baş tutmasa belə, o, əvvəlcə Rusiyada mühakimə oluna bilər. Hazırda Sankt-Peterburqun Vasileostrovski Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Azərbaycanın ekstradisiya sorğusu və 1990-cı illərə aid cinayət işləri üzrə materiallar araşdırılır.








