Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində addımlar atılsa da, tərəflər arasında qarşılıqlı etimadın hələ də formalaşmadığı görünür. ABŞ-İran razılaşmasından dərhal sonra İsrailin yeni lazer silahını nümayiş etdirməsi regiona və rəqiblərinə ünvanlanan siyasi-hərbi mesaj kimi dəyərləndirilir.
Bu dəhşətli silahın təqdim edilməsi nəyin mesajıdır? Bununla İsrail müharibənin bitmədiyinə işarə edir? Müttəfiqi ABŞ-ın iradəsi ilə razılaşmayacağını deməyə çalışır?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, ABŞ və İran arasında yekun razılaşma hələ əldə olunmayıb:
“Nəzərə alsaq ki, qarşıdakı 60 gün ərzində tərəflər müzakirələri davam etdirəcəklər, prosesin hələ tamamlandığını söyləmək tezdir. Doğrudur, prinsipial məsələlərin bir qismi üzrə razılıq əldə olunub, lakin bir sıra mühüm məqamlar hələ də öz həllini tapmayıb. Bu baxımdan, razılaşmanın yekun mərhələyə çatdığını demək üçün əsas yoxdur. Prosesə mane olmağa çalışan əsas amillərdən biri isə İsrail faktorudur. Belə görünür ki, İsrail ABŞ və İran arasında mümkün anlaşmadan tam razı deyil”.
Politoloq bildirib ki, İsrailin təqdim etdiyi lazer silah ilk növbədə ölkənin hərbi imkanlarının nümayişi kimi qiymətləndirilməlidir:
“Eyni zamanda, bu addım İran üçün siyasi və hərbi mesaj xarakteri daşıyır. İsrail bununla öz maraqlarını qorumaq naminə ən sərt addımları atmağa hazır olduğunu göstərməyə çalışır. Məlumdur ki, İsrail bir çox hallarda ABŞ-ın mövqeyi ilə üst-üstə düşən siyasət yürütməsinə baxmayaraq, bəzi məsələlərdə müstəqil qərarlar qəbul edir. Bunu həm Qəzza zolağında baş verən hadisələrdə, həm İranla bağlı məsələlərdə, həm də Livandakı son proseslərdə müşahidə etmək mümkündür. Bu nümunələr göstərir ki, Təl-Əviv müəyyən hallarda Vaşinqtonun iradəsindən kənar hərəkət etməyə çalışır. Bütün hallarda, bu silahların nümayişi onu göstərir ki, Yaxın Şərqdə davamlı sülhün əldə olunması asan olmayacaq. Bunun üçün tərəflərin ciddi siyasi qərarlar qəbul etməsi və mühüm addımlar atması tələb olunur”.
Qeyd edək ki, “Esh-Tech” şirkəti müdafiə sənayesi üçün “DroneLight” adlı yeni lazer hava hücumundan müdafiə sistemini təqdim edib. Məlumata görə, sistem bir dəqiqə ərzində 30-dan çox hava hədəfini sıradan çıxarmaq qabiliyyətinə malikdir. Ənənəvi lazer silahlarından fərqli olaraq “DroneLight” hədəfi bir neçə saniyə fasiləsiz şüa altında saxlamadan qısa və fokuslanmış lazer impulslarından istifadə edir. Şirkətin açıqlamasına əsasən, sistem bir pilotsuz uçuş aparatını 1-2 saniyə ərzində zərərsizləşdirə bilir. Bu xüsusiyyət ona eyni vaxtda çoxsaylı hədəflərə qarşı mübarizə aparmağa və kütləvi dron hücumlarının qarşısını almağa imkan verir.








