Bu ilin ilk 3 ayında Azərbaycanda adambaşına düşən istehlak xərcləri ayda orta hesabla 392 manat 20 qəpiyə bərabər olub.
Yeniavaz.comaçıqlanan sonuncu rəsmi məlumatlara istinadən xəbər verir ki, istehlak xərclərinin 168 manat 95 qəpiyi qida məhsullarının alınmasına yönəldilib. Bu da ümumi xərclərin 43,1%-ni təşkil edir.
Onu da qeyd edək ki, mehmanxana, kafe və restoranlarda adambaşına ayda 31 manat 23 qəpik, alkoqollu içkilərə 2 manat 35 qəpik, tütün məmulatlarına isə ayda 8 manat 26 qəpik xərclədiyimizi də nəzərə alsaq, ümumi xərclərimizin yarıdan çoxunu – 53,8%-ni (210 manat 79 qəpik) qida məhsullarına, içkiyə və siqaretə yönəldirik.
İstehlak xərclərimiz arasında ərzaqdan sonra ən çox vəsait kommunal xidmətlərə - su, elektrik enerjisi, qaz və digər yanacaq növlərinə xərclənir. Bu məqsədlə adambaşına ayda orta hesabla 30 manat 65 qəpik xərcləyirik. Bu da ümumi xərclərin 7,8%-ni təşkil edir.
Bundan başqa ayda 27 manat 35 qəpik (ümumi xərclərin 7%-i) ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa, 27 manat 57 qəpik (7%-i) nəqliyyat xidmətlərinə xərcləyirik. Paltar və ayaqqabıya ayda adambaşına orta hesabla 22 manat 66 qəpik sərf edirik ki, bu da ümumi xərclərin 5,8%-nə bərabərdir.
Ümumi xərclərimizin 17 manat 48 qəpiyini və ya 4,5%-ni səhiyyəyə, 15 manat 5 qəpiyini və ya 3,8%-ni istirahət və mədəniyyət xidmətlərinə, 14 manat 23 qəpiyini və ya 3,6%-ni rabitə xidmətlərinə, 7 manat 2 qəpiyini və ya 1,8%-ni isə təhsilə yönəldirik.
Rəqəmlərdən də göründüyü kimi, yeyib-içmək və siqaret üçün xərclədiyimiz vəsait (210 manat 79 qəpik) təhsil və mədəniyyət üçün xərclədiyimiz vəsaitdən (22 manat 7 qəpik) təxminən 10 dəfə çoxdur. Bundan başqa kafe-restoranlarda xərclədiyimiz vəsait (31 manat 23 qəpik) təhsilə xərclədiyimiz vəsaitdən (7 manat 2 qəpik) təxminən 4,4 dəfə çoxdur.
Ötən ilin eyni dövrü ilə müqayisədə istehlak xərcləri 6,6% artıb. Ən yüksək artım mehmanxana, kafe və restoran xidmətlərində (12,1%), nəqliyyat xidmətlərində (11%) və səhiyyədə (9,6%) qeydə alınıb. Ən aşağı artım isə ev əşyaları və məişət texnikasına (4,4%) yönələn xərclərdə müşahidə olunub.









