“May ayının 5-də atamın Türkiyədə mahnılarının müəlliflik hüququnu qoruyan MESAM-ın Azərbaycanda iclası baş tutdu. Bir sənətkar övladı kimi mən də həmin tədbirdə iştirak etdim. Orada bəzi məsələlərə aydınlıq gətirildi. Atamın “Dəşti” təsnifi 64 il Türkiyədə anonim kimi qeydiyyatdan keçirilib. Bizim bundan xəbərimiz yox idi. MESAM artıq mahnının həqiqətən də atama aid olduğunu sübut edib və Türkiyədə bu mahnının müəllif hüququ qorunur”
Bunu Moderator.az-a görkəmli sənətkar Əlibaba Məmmədovun qızı Rəqsanə Məmmədli deyib. O daha sonra əlavə edib:

“Atamın gənclik illərində yazdığı “Gəl bizə yar” mahnısı var. Bu mahnı da Türkiyədə anonim kimi ifa olunurdu. Bu mahnını da anonimlikdən çıxartdıq. Onun çox məşhur mahnılarını qeydiyyata salmışıq. Atamın “Özün bilərsən” adlı məşhur mahnısı da var. Şəxsən mən bilmirdim ki, bu mahnı atamındır. Mahnını Zeynəb Xanlarova, İslam Rzayev kimi sənətkarlar ifa ediblər. Bunu araşdırma nəticəsində tapdıq. Atamın get-gedə bir neçə mahnısı üzə çıxır. 40-a yaxın mahnısını yutuba yerləşdirmişik. Allah mənə nə qədər ömür versə, mən bu işləri davam etdirmək niyyətindəyəm” deyə o bildirib.









