ABŞ-ın mümkün hücumları ilə bağlı narahatlıqlar fonunda İranın bəzi hərbi və mülki təyyarələrini Pakistan və Əfqanıstana köçürdüyü bildirilir.
"Report" "CBS News"a istinadən xəbər verir ki, bu barədə kanala mənbələr məlumat verib.
Qeyd olunub ki, İran hərbi təyyarələri İslamabadın cənubunda yerləşən Nur-Xan hava bazasına göndərilib. Göndərilən hərbi texnikalar arasında kəşfiyyat missiyaları üçün nəzərdə tutulmuş C-130 hərbi nəqliyyat təyyarəsinin modifikasiya edilmiş versiyası olan RC-130 təyyarəsinin də olduğu iddia edilir.
Kanalın mənbələri həmçinin bildirib ki, hərbi əməliyyatların başlamasından bir müddət əvvəl İranın Mahan Air aviaşirkəti bir neçə təyyarəsini Kabilə aparıb.
İran hava məkanı bağlandıqdan sonra onlar Əfqanıstanda qalıblar. Daha sonra, Pakistan və Əfqanıstan arasındakı gərginlik fonunda, təyyarələrin İran sərhədi yaxınlığında yerləşən Herat hava limanına aparıldığı iddia edilir.
Lakin Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid CBS News-a verdiyi açıqlamada bu iddiaları təkzib edib.








