Prezident İlham Əliyevin daim diqqət yetirdiyi əsas istiqamətlərdən biri kadr islahatlarıdır.
Bakupost.az xəbər verir ki, dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, məmur peşəkar olmalı, təvazökar davranmalı, insanlara həssas yanaşmalı, qanunların tələblərinə ciddi əməl etməlidir.
Onun mövqeyi açıqdır: məmur rüşvət almamalı, korrupsiyaya bulaşmamalı, vətəndaşları incitməməli, ona verilmiş səlahiyyətlərdən şəxsi maraqları üçün istifadə etməməli, vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməməlidir.
Lakin təəssüf ki, bəzi kadrlar göstərilən etimadı doğrultmur, üzərlərinə düşən məsuliyyətin mahiyyətini tam anlamırlar.
Bu gün “Qafqazinfo”da yayımlanan və Əli Əsədov haqqında bəhs edən “Əli Əsədovun biznes və tikinti imperiyası…” başlıqlı material da bu məsələyə yeni müzakirə mövzusu açır.
Yazıda Baş nazirin Bakının ən bahalı və prestijli ərazilərində yerləşən restoranları, tikinti layihələri və müxtəlif mülkləri barədə məlumat verilir. Ən narahatlıq doğuran məqamlardan biri isə onun biznes və karyera yolunda mediadan istifadə etməsi ilə bağlı iddialardır.
İddialara görə, o, şəxsi maraqları naminə mövqeyi ilə razılaşmadığı vəzifəli şəxsləri gözdən salmaq üçün bəzi jurnalistlərdən yararlanıb. Bu yanaşma, vaxtilə Ramiz Mehdiyev və Əli Həsənov kimi şəxslərin tətbiq etdiyi üsullarla müqayisə olunur.
Hətta bildirilir ki, bu çərçivədə Nazirlər Kabinetinin qapalı iclaslarında müzakirə olunan bəzi məsələlər müəyyən manipulyasiyalarla ictimailəşdirilib və ayrı-ayrı şəxslər hədəfə çevrilib: "Öz şəxsi maraqlarını əsas tutaraq digər vəzifə sahiblərini gözdən salmaq və bunu media, jurnalistlər vasitəsilə reallaşdırmaq isə heç bir əndazəyə sığmayan haldır".
Səsləndirilən iddialar təsdiqini tapacağı təqdirdə, bu, təkcə etik yox, həm də hüquqi baxımdan ciddi nəticələr doğura bilər. Dövlət idarəçiliyində belə hallara yol verilməsi qaçılmaz olaraq məsuliyyət və cəza məsələsini gündəmə gətirir.











