
Böyük Britaniyanın nüfuzlu "The Economist" jurnalı ABŞ-ın İranda apardığı hərbi əməliyyatların Pentaqonun arsenalını tükətdiyini və ölkənin hərbi qüdrətinə uzunmüddətli zərbə vurduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, jurnalın son təhlilində "Epik Qəzəb" (Epic Fury) əməliyyatının cəmi 16 günü ərzində ABŞ-ın 11 mindən çox müxtəlif növ döyüş sursatı istifadə etdiyi və bunun müasir tarixin ən intensiv atəş kampaniyası olduğu bildirilir. Təhqiqatda qeyd olunur ki, xüsusilə "Tomahawk" raketləri və HHM sistemləri üçün nəzərdə tutulan raketlərin (Patriot və THAAD) kütləvi istifadəsi ABŞ-ın Sakit okean regionunda, xüsusən də Tayvan ətrafında yarana biləcək mümkün münaqişələrə qarşı çəkindirmə gücünü minimuma endirir. Məsələn, ABŞ müharibənin ilk günlərində illik istehsal gücündən bir neçə dəfə çox – 300-dən artıq "Tomahawk" raketi atıb ki, bu ehtiyatların bərpası üçün illər lazım olacaq.
Hərbi ekspertlər həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) həddindən artıq gərgin iş rejimində çalışdığını və gəmilərin texniki xidmət qrafiklərinin tamamilə pozulduğunu vurğulayırlar. Pentaqon artıq müharibə xərclərini ödəmək və arsenalları doldurmaq üçün Ağ Evdən əlavə 200 milyard dollar vəsait tələb edib. Lakin problem təkcə maliyyə deyil, həm də ABŞ-ın hərbi sənaye kompleksinin bu dərəcədə böyük sursat sərfi ilə ayaqlaşa bilməməsidir. "The Economist"in qənaətinə görə, əgər müharibə may ayına qədər yekunlaşmasa, ABŞ ordusu həm texnoloji, həm də resurs baxımından "tükənmə" nöqtəsinə çatacaq ki, bu da Çin və Rusiya kimi rəqiblərin strateji üstünlük qazanmasına şərait yaradacaq. Vitse-prezident Ceyms Devid Vens də bu təhlükələri dolayısı ilə təsdiqləyərək, ABŞ-ın eyni vaxtda Avropa, Yaxın Şərq və Asiyada bir neçə müharibəni aparmaq imkanının olmadığını xatırladıb.









