İsrail Xəzər dənizində silah qaçaqmalçılığı ilə məşğul olan gəmilərə zərbə endirib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri Xəzər dənizində İranın hərbi donanması və silah daşıyan bir sıra gəmilərinə raket zərbələri endirib.
Zərbələr nəticəsində sursat, dron və digər silahların daşınması üçün istifadə edilən təchizat xətti sıradan çıxarılıb.
Qəzet yazır ki, Xəzər dənizindəki təczihat xətti Rusiya və İrandakı limanları bir-birinə təxminən 1000 kilometr məsafədə birləşdirir və bu, ölkələrə yalnız silah deyil, həm də neft və taxıl kimi malların mübadiləsinə imkan verir.
Qeyd olunur ki, bu marşrut, hər iki ölkədə istehsal olunan İran “Shahed” dronlarının təchizatı üçün xüsusi əhəmiyyət kəsb edir.
Məlumata görə, Xəzər dənizi vasitəsilə hərbi təchizat və taxıl daxil olmaqla digər strateji ərzaq məhsulları da daşınır.
Son hücumlar İranın ərzaq təchizatı üçün də ciddi təhlükə yaradıb.









