Avropa İttifaqını ciddi intriqalar, qalmaqallar bürüyüb. Qurumun müxtəlif vəzifələrdə təmsil olunan rəhbərləri arasında qalmaqallar səngimək bilmir.
Son günlər isə qalmaqalların mərkəzində Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen dayanır.
Belə ki, Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi və Estoniyanın keçmiş baş naziri Kaya Kallas, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen haqqında sərt fikirlər səsləndirib və onu “diktator” adlandırıb. Kallas Aİ Komissiyasının rəhbərinin idarəetmə tərzini həddindən artıq mərkəzləşdirilmiş, qərar qəbuletmə prosesini isə avtoritar hesab edib.
İddialara görə, Kallas fon der Lyayenin qurum daxilində təkbaşına qərar vermək meylindən narazı olub və bunu institusional balansın pozulması kimi qiymətləndirib. Aydın məsələdir ki, bu cür açıqlamalar Aİ strukturlarında yer alan liderlər arasında gərgin münasibətlərin hökm sürdüyündən xəbər verir.
Onu da xatırladaq ki, qurumda fon der Lyayenə qarşı yaxın dövr ərzində iki dəfə etimadsızlıq göstərilməsinə cəhd edilib. Hələlik xanım rəhbər ona qarşı bu hücumların qarşısında tab gətirməyi bacarır. Amma bütün hallarda görünən odur ki, Aİ daxilində bu cür qalmaqallar nəinki səngiməyəcək, əksinə daha böyük vüsət alacaq.
Görəsən, Aİ-də nə baş verir?
Bizim.Media-ya açıqlama verən siyasi şərhçi Abutalıb Səmədovun fikrincə, Aİ rəhbərləri arasında tez-tez baş verən qalmaqallar qurumun idarə olunmasındakı yanlışlıqlardan qaynaqlanır:
“Burada rəhbər vəzifələrdə təmsil olunanların hər biri özünü lider hesab edir. Bu kimi halların baş verməsi nəticəsində yaxın illərdə Avropa İttifaqının mövcudluğu belə ciddi sual altında qala bilər”.
Müsahibimiz qeyd edir ki, Avropa İttifaqının rəhbər strukturlarında təmsil olunan liderləri arasında bu cür gərgin münasibətlər yeni deyil: “Əvvəllər də onlar arasında kifayət qədər problemlər olub. O da məlumdur ki, fon der Lyayenin Kaya Kallasdan əvvəl Avropa Komissiyasında xarici siyasətə rəhbərlik edən Borrellə münasibətləri də kifayət qədər gərgin olub”.
Ancaq ekspert düşünür ki, Kallasın mövqeyi Borrellə nisbətən xeyli zəifdir:
“Bunun da səbəbi Kallasın təmsil olunduğu Liberallar Partiyasının sosialistlərə nisbətən daha zəif olması ilə bağlıdır. Qurumda təmsil olunan digər liderlər arasında münasibətlər də həmişə gərgin olub. Bu da Aİ-nin idarə olunmasında baş verən yanlışlıqlarla bağlıdır.
Hətta Fon der Lyayenin Türkiyəyə səfəri zamanı da onunla Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel arasında ciddi problem yaranmışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın onları qəbul zamanı məlum olur ki, Lyayen üçün uyğun kreslo qoyulmayıb. Ərdoğanın təmsilçiləri hadisəyə münasibət bildirərkən açıq şəkildə bəyan etdilər ki, bu Aİ strukturlarındakı problemlərlə bağlıdır. Qurumda kimin daha yüksək vəzifə tutduğunu aydınlaşdırmaq o qədər də asan məsələ deyil”.
A.Səmədov hesab edir ki, Aİ-də təmsil olunanlar arasında ziddiyyətlərin olması özünü Ukraynanın təşkilata qəbulu məsələsində də açıq şəkildə göstərir:
“Ukraynaya yardım məsələsində də qurum daxilində fikir ayrılığı qabarıq şəkildə özünü büruzə verir. Habelə, Aİ-yə üzv olan böyük dövlətlər arasında liderlik davası gedir.
Bütün bunlar gələcəkdə də müəyyən vəzifələrə seçilmək məsələsində ciddi çətinliklər yaradacaq. Bu hər zaman belə olub. Rəhbərlik uğrunda mübarizə kifayət qədər gərgin keçəcək, intriqalarla müşayiət olunacaq”.










