Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 1 milyard 793,1 milyon dollar dəyərində 94 min 583 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı 26,6% və ya 19 min 860 ədəd artıb.
Qeyd edək ki, ötən ilin ilk 10 ayında ölkəyə 74 min 723 ədəd və ya 1 milyard 484,4 milyon dollar dəyərində avtomobil idxal edilib.
Bu ilin ilk 10 ayında idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 958 dollar təşkil edib.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə hər bir avtomobilin orta gömrük dəyəri 19 min 866 dollar olub.
Rəqəmlərdən də göründüyü kimi, bir ədəd avtomobilin orta gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% və ya 908 dollar azalıb.
Artım əsasən daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki olan hibrid avtomobillərin idxalında müşahidə olunub. Belə ki, bu ilin yanvar-oktyabr aylarında ölkəyə 37 min 476 ədəd hibrid avtomobil gətirilib. Halbuki ötən ilin müvafiq dövründə bu göstərici cəmi 6 min 457 ədəd olub – yəni təxminən 6 dəfə artım qeydə alınıb.
Eelektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olmayam hibrid avtomobillərin idxalı da artıb. Ötən ilin ilk 10 ayında bu cür hibrid avtomobillərin idxalı 12 min 529 ədəd olduğu halda, bu ilin ilk 10 ayında 13 min 657 ədədə yüksəlib.
Tam elektrikli avtomobillərin idxalında isə azalma müşahidə olunub. Bel ki, bu göstərici 2 min 592 ədəddən 1 min 732 ədədə düşüb.








