Bakı ilə İrəvan arasında sülh prosesində nəzərəçarpacaq irəliləyiş fonunda Moskva regionda itirilmiş mövqelərini bərpa etməyə çalışır. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu erməni həmkarı Armen Qriqoryanla görüşdə Cənubi Qafqaza xüsusi diqqət yetirib.
“Cənubi Qafqazdakı vəziyyət daimi diqqət tələb edir. Saatlarımızı sinxronlaşdırmaq bizim üçün vacibdir. Son hadisələrlə, regionda baş verən müxtəlif hadisələrlə bağlı hər şey - bütövlükdə Qafqazda, Cənubi Qafqazda - bizim daimi diqqətimizi və məsləhətləşmələrimizi tələb edir”, - Şoyqu deyib.
Sergey Şoyqu MDB Təhlükəsizlik Şurası katiblərinin görüşündəki çıxışında da Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. O, ümumilikdə Cənubi Qafqazdakı vəziyyətdə yaxşılaşma tendensiyasının olduğunu söyləyib. TŞ katibi deyib ki, Moskva Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına əhəmiyyətli töhfə verib. Onun sözlərinə görə, Rusiya uzun müddət regionda sabitliyin təmin olunması və sülhün bərqərar olması üçün səylər göstərib: “Rusiya Ermənistan və Azərbaycan arasında tam həllini tapmamış münasibətlərin tənzimlənməsinə ciddi töhfə verib. Bütün bu müddət ərzində biz bölgədə sabitliyin təmin olunması və sülhün bərqərar olması üçün hər şeyi etdik”. Şoyqu deyib ki, Ermənistan və Azərbaycan arasında münasibətlər hələ tam şəkildə tənzimlənməyib. TŞ katibi Cənubi Qafqazda 3+3 formatında fəaliyyəti bərpa etmək lazım olduğunu deyib.
“Altılıq” formatında Cənubi Qafqazın üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanla yanaşı, region ölkələri Rusiya, İran və Türkiyə var. İran Rusiya ilə bir sıra məsələlərdə strateji partnyorluq edir. Həm Moskva, həm də Tehran ABŞ və Avropa İttifaqının bölgədə olmasının qəti əleyhinədir.
Vaşinqton görüşündən və ABŞ-də Ermənistan və Azərbaycan arasındakı anlaşmalardan sonra Rusiya narahatdır. Çünki Kreml ABŞ-nin Cənubi Qafqazda özü də uzunmüddətli olmasını qətiyyən istəmir. “Tramp yolu”nun ABŞ-nin nəzarətində olması Rusiya üçün qəbuledilməzdir. Ona görə də Rusiya 3+3 formatı ilə əslində ABŞ-ni sıradan çıxarmaq niyyəti güdür. Son günlərdə 3+3 formatının Rusiya rəsmiləri tərəfindən tez-tez gündəmə gətirilməsinin səbəbi budur.
Məsələ ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Rusiya Cənubi Qafqazdakı əvvəlki təsir imkanlarını, nüfuzunu geri qaytarmaq üçün ən müxtəlif istiqamətlərdə xeyli vaxtdır cəhdlər edir: “Rusiya bunun üçün Cənubi Qafqaz ölkələrinə gah açıq və gizli təzyiq üsullarından istifadə edir, gah da yumşaq taktikaya keçir. Azərbaycana qarşı keçən ilin sonlarından etibarən təzyiq, hədə metodunu seçdilər. Nəticədə Azərbaycan-Rusiya münasibətləri heç vaxt olmadığı həddə gərginləşdi. Azərbaycan haqlı mövqedə olduğu üçün öz haqlı mövqeyində qaldı. Rusiya 10 aya yaxın təzyiq siyasətinin Azərbaycanı qorxutmadığını və bu vəziyyətin Rusiyanın özünə zərər vurduğunu gördü. Ona görə də münasibətləri yumşaltmaq qərarına gəldi. Ermənistanla da Nikol Paşinyan hakimiyyətə gələndən bəri, xüsusilə də son bir neçə ildə Rusiyanın münasibətlərində soyuqluq yaşanır. Paşinyanın ölkəsinin gələcəyinin Qərbə inteqrasiyada olduğunu bəyan edib buna uyğun siyasət yürütməsi Ermənistan hakimiyyətini Moskvanın hədəfinə çıxardı. Paşinyan hakimiyyətinin timsalında Ermənistana Rusiyanın təzyiqləri, rus siyasətçilərinin dili ilə təhdidlər genişləndirildi. Lakin Rusiya Ermənistana təzyiqlərlə Paşinyanı mövqeyindən çəkindirə bilmədiyini gördü və nisbətən yumşaq siyasət taktikasını seçdi. Son aylarda Vladimir Putinin Nikol Paşinyanı bir neçə dəfə qəbul etməsi də bu siyasətin təzahürüdür. Gürcüstana gəldikdə, qatı anti-Rusiya mövqeyində olan siyasi qüvvələri Rusiya xeyli vaxtdır milyarder Bdizina İvanişvilinin əli ilə hakimiyyətdən uzaqlaşdırmağa nail olub. Beləliklə, əslində Rusiya Gürcüstanın Qərblə münasibətlərinin soyuqlaşması və qırılma həddinə yaxınlaşmasına dolayısı ilə nail olmağı bacarıb. Düzdür hələ ki üzdə Rusiyanın Gürcüstanı tamamilə təsir dairəsinə saldığı görünməsə də, alt qatda təsir kifayət var”.
Politoloq dedi ki, indi isə Kreml bütövlükdə Cənubi Qafqazı Qərbin, ABŞ-nin təsir dairəsindən çıxarmağın yollarından biri kimi 3+3 formatını reallaşdırmağa çalışır: “Düzdür, bu format regional əməkdaşlıq və bölgədə sülh üçün Azərbaycan tərəfindən faydalı format kimi ilk vaxtdan elan edilib, ancaq Azərbaycan 3+3 formatını Qərbə, ABŞ-yə qarşı blok, format kimi görmür. Rusiya isə hiss olunmağa başlayıb ki, 3+3 formatını ABŞ-yə qarşı format olaraq görür. Ən azından onu reallaşdırmağa çalışır. Bir neçə ay öncəyə qədər hədələdiyi, təzyiq etdiyi respublikalara indi əməkdaşlıq formatının vacibliyi barədə tez-tez ən yüksək səviyyələrdə çağırışlar etməsi də buna görədir”.
Politoloq Xəyal Bəşirov isə bildirdi ki, Sergey Şoyqunun mövqeyi Rusiya dövlətinin mövqeyidir: “Biz son zamanlar Rusiya tərəfindən digər yüksək ranqlı vəzifəlilərin də 3+3 formatının reallaşdırılması məsələsini qaldırdıqlarını müşahidə etməkdəyik. Rusiya sanki narahatdır. Rusiya keçmiş sovet respublikalarına yenə əvvəlki kimi, müttəfiq deyil, tabeliyindəki əyalət prizmasından yanaşma siyasəti yürüdür. Bu siyasətin nəticəsidir ki, Ukrayna ilə müharibə aparır. Nəticədə Rusiya uzun illər təsir dairəsində olan respublikalardakı nüfuzunu itirib. Rusiya bundan narahatdır. Ona görə də nüfuz gücünü bərpa etməyin yeni yollarını arayır. Bu yollardan biri kimi 3+3 formatını görür. Azərbaycan isə istənilən əməkdaşlıq formatını bərabərhüquqlu əməkdaşlıq olaraq görür və üçüncü tərəfə qarşı ittifaq hesab etmir. Rusiya üçün isə əməkdaşlığa bu prizmadan yanaşılmır. Lakin artıq dünya dəyişib. Cənubi Qafqaz regionunda Rusiyanın əlində alət olan əvvəlki imkanlar yoxdur. Reallaşdırmaq istədiyi formatın da həmin imkanları bərpa edə biləcəyi mümkün deyil. Çünki ölkələr, ən azından bir neçəsi bərabərhüquqlu əməkdaşlığın və ABŞ-yə, Qərbə qarşı olmayan formatın tərəfdarıdırlar. 3+3 formatı müstəqil dövlətlərin Rusiyanın təsir dairəsində düşməsini nəzərdə tutmur. Əgər Rusiya bu formatı xüsusilə Cənubi Qafqaz ölkələrini təsir dairəsi altına salmaq platforması kimi nəzərdə tutursa, yanılır, bu cür əməkdaşlıq formatı baş tutmaz. 3+3 formatı Rusiyanın, ümumiyyətlə, hər hansı bir ölkənin mövqe üstünlüyünü istisna edir, hər bir iştirakçı ölkənin bərabərhüquqluluğunu nəzərdə tutur. Azərbaycan bu formatı belə görür və başqa ölkələrə qarşı qarşı olmayan format sayır. Yalnız bu halda 3+3 formatı reallaşa bilər. Azərbaycanın irəli sürdüyü 3+3 formatı 5 ölkənin Kreml saatı ilə işləməsini nəzərdə tutmur”.














