Ermənistan baş naziri aparatının rəhbəri Araik Arutyunyan Azərbaycanla sülh prosesinin cari tempini qənaətbəxş hesab edir.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Proses bir çox aspektləri əhatə edir: Mher Qriqoryan sərhədlərin demarkasiyası və bu istiqamətdəki gündəmlə məşğuldur, Xarici İşlər Nazirliyi öz fəaliyyətini həyata keçirir, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə azərbaycanlı həmkarı ilə qarşılıqlı əlaqə saxlayır. Xüsusi diqqət humanitar məsələlərə və digər bütün istiqamətlərə yönəlib. Nəticələr əldə olunduqda onlar barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə Arutyunyan bildirib.
O qeyd edib ki, Ermənistan–Azərbaycan münasibətlərinin hazırkı tempi pis sayıla bilməz:
“Məsələn, Azərbaycanın erməni yüklərinin tranzitinə qoyduğu qadağanın ləğvini göstərə bilərik”.
Arutyunyan əlavə edib ki, ikitərəfli təmaslarda sülh sazişinin yekun imzalanması məsələsi daim gündəmdədir.











