Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu Azərbaycan Respublikası Milli Məclisinin ilk sədri, GAP-ın fəxri üzvü Rəsul Quliyevin ailə üzvlərinin 30 ildən sonra ilk dəfə Azərbaycana səfər etmələrindən danışıb.
Pravda.az-ın xəbərinə görə, A.Şakiroğlu xatırladıb ki, R.Quliyevin ailə üzvlərinin səfər proqramı Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevi, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanı və digər dövlət xadimlərini, ziyalıları anmaqla, Şəhidlər Xiyabanında ziyarət etməklə başlayıb.
Partiya sədri bildirib ki, səfər proqramı zəngindir: “İrəlidə müzəffər Ali Baş Komandanımız İlham Əliyevin azad etdiyi Qarabağ torpaqlarını ziyarət etmək və digər önəmli görüşlər və tədbirlər var. Heç şübhəsiz ki, məlum səfər ölkəmizdə 2020-ci ildə təməli qoyulmuş və artıq uzun illərdir davam edən sağlam iqtidar-müxalifət münasibətinin, aparılan uğurlu siyasi dialoqun bariz nümunəsidir. Öz adımdan, rəhbərlik etdiyim partiya adından başda cənab Prezident İlham Əliyev, çox hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla, hər kəsə dərin təşəkkürlərimizi bildirirəm”.