Təhsil mütəxəssisi Kamran Əsədov məktəblərdə dərs və tənəffüs vaxtlarının balanslaşdırılması ilə bağlı maraqlı təklif irəli sürüb.
Bu barədə Musavat.com-a danışan təhsil mütəxəssisi qeyd edib ki, dərslərin 40 dəqiqə, tənəffüslərin isə 10 dəqiqə müəyyən edilməsi həm şagirdlərin psixoloji durumuna, həm də ümumi öyrənmə keyfiyyətinə müsbət təsir göstərə bilər:
"Uzunmüddətli tədqiqatlar göstərir ki, şagirdlərin diqqət müddəti dərs prosesində müəyyən həddən sonra zəifləməyə başlayır. Məsələn, 45 dəqiqəlik ənənəvi dərs müddətində ilk 20–25 dəqiqədə yüksək diqqət müşahidə olunur, lakin sonrakı mərhələlərdə yorğunluq və zehni dağınıqlıq qaçılmaz olur. Bu isə həm müəllimlərin izah prosesini, həm də şagirdlərin dərsi qavrama səviyyəsini zəiflədir.
ABŞ-da aparılan ölçmələr də bu nəticəni təsdiqləyir. Araşdırmalar göstərir ki, dərs müddəti uzandıqca şagirdlərin diqqət səviyyəsi dalğavari şəkildə azalır və qısa fasilələrdən sonra qismən bərpa olunur. Bu səbəbdən müasir pedaqoji yanaşmalarda “spaced practice” – yəni öyrənmənin daha qısa, amma intensiv bloklara bölünməsi effektiv üsul kimi qəbul edilir. Psixologiya üzrə meta-təhlillər də sübut edir ki, bu metod şagirdlərin yaddaşını möhkəmləndirir, uzunmüddətli öyrənmə nəticələrini artırır.
Qısa, amma müntəzəm fiziki fasilələr yalnız öyrənmə prosesinə deyil, həm də sinifdəki psixoloji mühitə müsbət təsir göstərir. Belə fasilələr şagirdlərin həm diqqətini, həm də intizamını artırır, onların aktivliyini dəstəkləyir.
Dünyanın qabaqcıl təhsil sistemlərindən biri olan Finlandiyada bu yanaşma illərdir tətbiq edilir. Orada dərslər 45 dəqiqə, fasilələr isə 15 dəqiqədir. Finlandiya təhsilinin yüksək nəticələrinin səbəblərindən biri də məhz bu balanslaşdırılmış ritmdir".
Kamran Əsədov hesab edir ki, Azərbaycanda da dərslərin 40 dəqiqə, tənəffüslərin isə 10 dəqiqə müəyyən olunması müsbət nəticələr verə bilər.
Onun sözlərinə görə, bu, həm şagirdlərin daha çox fokuslana bilməsinə, həm sağlam sinif mühitinin formalaşmasına, həm də ümumi öyrənmə keyfiyyətinin yüksəlməsinə səbəb olacaq:
"Nəticə etibarilə, 40+10 modeli yalnız bir vaxt bölgüsü deyil, eyni zamanda təhsil sistemində keyfiyyətin yüksəldilməsi üçün atıla biləcək mühüm addımlardan biri kimi dəyərləndirilir. Bu təklifin geniş müzakirəyə çıxarılması və tətbiq imkanlarının nəzərdən keçirilməsi şagirdlərin daha sağlam, balanslı və effektiv təhsil mühiti qazanmasına zəmin yarada bilər".