“Əslində, biz Çempionlar Liqasına start verilməzdən əvvəl də deyirdik ki, “Qarabağ”ı rahat buraxmaq lazımdır, ona təzyiq göstərməyə ehtiyac yoxdur. Çünki Çempionlar Liqası olduqca nüfuzlu, güclü bir turnirdir və burada büdcəsi “Qarabağ”ın büdcəsini dəfələrlə üstələyən çox yüksək səviyyəli komandalar çıxış edir. Biz sadəcə deyirdik ki, “Qarabağ” mübarizə aparacaq, amma onun qarşısına “mütləq qələbə qazanmalısan” tələbi qoymaq düzgün deyildi”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış idman jurnalisti Natiq Muxtarlı deyib.
O, ötən gün UEFA Çempionlar Liqasının I turunda baş tutan “Benfika” 2:3 “Qarabağ” matçı ilə bağlı fikirlərini bölüşüb.
O, diqqətə çatdırıb ki, “Qarabağ” elə ilk oyunda mübarizə apardı və bütün dünyanı özündən danışmağa vadar etdi:
“Amma bu, o demək deyil ki, “Qarabağ” bundan sonrakı bütün oyunlarda da qalib gələcək. Çempionlar Liqasında belə bir şey yoxdur. Hətta “Real Madrid”, “Barselona” kimi nəhənglər də hər oyunda qalib gələ bilmirlər. Çünki burada hər bir komanda istənilən oyunda güclü, digər oyunda isə daha zəif çıxış edə bilər. Futbolun öz qanunları var: futbolçuların fiziki durumu, heyətdəki çatışmazlıqlar, zədələr və digər amillər nəticəyə birbaşa təsir edir. Amma “Qarabağ” “Benfika”ya qalib gəldikdən sonra cəmiyyət artıq elə bir ab-havaya kökləndi ki, sanki Bakıda keçiriləcək “Kopenhagen” oyununda mütləq qələbə qazanılmalıdır. Yox, əzizlərim, futbolda belə şey yoxdur. “Qarabağ” “Benfika”ya qarşı möhtəşəm oynadı, amma bu, o demək deyil ki, “Kopenhagen”lə oyunda da mütləq eyni səviyyədə çıxış edəcək. Futbolda rəqibin gücündən asılı olmayaraq, nəticəni şanslardan kim daha yaxşı istifadə edəcək və kim daha az səhv buraxacaqsa, o müəyyənləşdirir”.
O, söyləyib ki, “Benfika” ilə oyunun ilk hissəsində “Qarabağ” iki qolu sırf öz səhvlərindən buraxdı:
“Yəni standart vəziyyətlərdə müdafiəçilərin anlaşılmazlığı nəticəsində. Amma komanda oyun sistemini pozmadı, boşluqları tapdı və qol imkanları yaratdı. Ən əsası isə bu imkanların azı 50 faizindən istifadə etməyi bacardı. Çoxlu şans oldu, bəziləri dəyərləndirilmədi, amma yarısından istifadə qələbəni təmin etdi. İkinci hissədə isə “Qarabağ” qapısı qarşısında “Benfika”ya demək olar ki, real qol imkanı vermədi. Bu, çox böyük müsbət məqamdır. Amma “Kopenhagen”lə oyunda da eyni şeyin olacağını iddia etmək olmaz. Sadəcə, əlinə düşən imkanlardan kim daha səmərəli istifadə edəcəksə və kim daha az səhv buraxacaqsa, qalib də o olacaq”.
O, yekunda söyləyib ki, sözügedən prosesdə bir məsələ birmənalıdır ki, “Qarabağ” Çempionlar Liqasında sona qədər mübarizə aparacaq:
“Heç bir rəqibə yuxarıdan aşağı baxmayacaq, bütün rəqiblərə layiqli şəkildə qarşı çıxacaq. Bəli, bəzi oyunlarda nəticə uğursuz ola bilər, amma “Qarabağ” heç vaxt meydanda aciz görünməyəcək. Ona görə də gəlin, cəmiyyət olaraq sakitləşək, bu qələbədən həzz alaq, dadını çıxaraq. Amma “Qarabağ”ı təzyiq altında saxlamaq doğru deyil. Bir şey dəqiqdir ki, “Qarabağ” Çempionlar Liqasında layiqli mübarizə aparacaq”.