Rusiyada qanunsuz yaşayan əcnəbilərin vətəndaşlıq və miqrasiya statuslarını leqallaşdırmaları üçün verilən möhlət sentyabrın 10-da başa çatacaq.
Vladimir Putin 2024-cü ilin dekabrında imzaladığı fərmanla miqrantlara hüquqi vəziyyətlərini 30 aprelədək tənzimləməyi tapşırmışdı. Lakin apreldə imzalanan yeni fərmanla bu müddət 10 sentyabr 2025-ə qədər uzadılıb.
Möhlət xüsusilə Rusiyada “nəzarət olunan şəxslər reyestri”nə daxil edilən, yəni qanunsuz yaşayan və sənədləri qaydasında olmayan şəxslərə aiddir. Onlar bu tarixədək statuslarını leqallaşdırmalı və ya ölkəni tərk etməlidirlər.
Leqallaşdırma üçün biometrik qeydiyyatdan keçmək, tibbi müayinədən keçmək, dil və qanunvericilik imtahanı vermək, borcları ödəmək və lazımi sənədləri təqdim etmək tələb olunur.
Modern.az-ın məlumatına görə, Rusiya mətbuatı qanunsuz miqrantların daha çox Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan, Qazaxıstan və Azərbaycandan olduqlarını bildirirlər.
Möhlət bitdikdən sonra statusunu tənzimləməyən şəxslər deportasiya ediləcək. Onlara gələcəkdə Rusiyaya giriş yasağı da tətbiq oluna bilər. Bundan əlavə, belə şəxslərə evlilik, daşınmaz əmlak alışı, bank hesabı açmaq və digər hüquqi əməliyyatlarla bağlı məhdudiyyətlər qoyulacaq.
Mövzu ətrafında müxtəlif şayiələr dolaşır. Bəzi mənbələr qanunsuz miqrantların Ukraynadakı müharibəyə aparılacağını iddia edir. Lakin bu barədə rəsmi təsdiq yoxdur.
Beləliklə, sentyabrın 10-a qədər Rusiyada yaşayan bütün əcnəbilər statuslarını rəsmiləşdirməlidirlər. Əks halda deportasiya və uzunmüddətli giriş qadağası ilə üzləşə bilərlər.