Ədalət partiyasının sədri Mütəllim Rəhimli Globalinfo.az-a son proseslərlə bağlı açıqlama verib. O, ADP sədri Sərdar Cəlaloğlunun ittihamlarını da cavablandırıb.
M.Rəhimli bildirib ki, Ədalət partiyası ölkənin siyasi həyatında fəaliyyət göstərən ilk qurumlardan biri kimi fəaliyyəti dövründə kifayət qədər yaxşı izlər qoyub. Onun sözlərinə görə, Ədalət partiyasının mərhum sədri İlyas İsmayılov siyasi müstəviyə əxlaqi dəyərləri gətirməyi bacarıb.
“O qeyd edirdi ki, siyasətlə əxlaqlı adamlar məşğul olmalıdır. Çünki siyasət xalqın taleyidir. ADP sədri olduğu dövrdə bu partiya ilə Müsavat arasında olan düşmənçilik münasibətlərinə son qoyub. Rəqiblərinin tənqid və yalanlarına dözümlü yanaşmağı bir nümunə kimi göstərib. Hazırda Ədalət partiyası İlyas müəllimin qoyduğu bu mirası öz fəaliyyətində yaşatmaqdadır” – M.Rəhimli bildirib.
Sədr deyib ki, İlyas İsmayılovun vəfatından sonra partiya ciddi sınaqla üzləşib, lakin bu mərhələdən uğurla çıxdı:
“Vaxtilə İlyas İsmayılovun yanında olan bütün şəxslər hazırda Ədalət partiyasında qalır. 5 nəfər istefa verdi və onlar da Ədalət partiyasına sonradan gələn şəxslərdir. Onların içərisində ən stajlı partiya üzvü 2014-cü ildə Ədalət partiyasına üzv olub. O da indiyədək 3 partiya dəyişib, 4-cü partiya isə Ədalət oldu. Bütün rayon təşkilatları, funksionerlər və strukturlar yerindədir, fəaliyyətlərini davam etdirirlər.
Ən önəmli əməkdaşlıq istiqamətlərindən biri isə iqtidarın təşəbbüsü ilə təşviq olunan siyasi dialoqda iştirakdır. Ona görə ki, bu, İlyas müəllimin siyasi irsinin mahiyyətini təşkil edir. Çünki İlyas müəllim siyasi dialoqu mədəniyyətin yüksək forması hesab edirdi. Biz siyasi partiyalar arasında dialoq vasitəsilə milli problemlərimizi həll edə bilərik. Artıq bunun parlaq nümunəsi də var”.
O, ADP sədri Sərdar Cəlaloğlunun bugünlərdə ona və rəhbərlik etdiyi partiyaya yönəlik ittihamlara da cavab verib. Deyib ki, 2000-ci ildə Sərdar Cəlaloğlunun Ədalətə qarşı oyunlarının baş tutmasına İlyas İsmayılov imkan vermədi və Ədalət partiyası o zaman öz müstəqil fəaliyyətini bərpa etdi:
“2025-ci ildə isə Ədalət partiyasının üzvləri S.Cəlaloğlunun çirkin oyunlarının qarşısını aldı. Sərdar Cəlaloğlu İlyas müəllimin vəfatını fürsətə çevirib Ədalət partiyasından qisas almaq istəyirdi, bu isə baş tutmadı. Partiyadaxili separatçıların başçısı Meydan Babayev ADP-nin təsisçilərindən biri olub. Sərdar Cəlaloğlu onun vasitəsilə Ədalət partiyasının daxilində qarşıdurma yaratmaq istəyirdi”.
Mütəllim Rəhimli iqtidar-müxalifət dialoquna münasibətini belə açıqlayıb:
“2020-ci ildən bəri iqtidar və müxalifət arasında əməkdaşlıq yalnız milli məsələlər, xüsusilə Qarabağ problemi ətrafında formalaşıb. Sərdar Cəlaloğlunun bu əməkdaşlığı şəxsi maraqlar çərçivəsində təqdim etməsi həqiqəti təhrif edir.
İqtidar nümayəndələrinin siyasi partiya sədrləri ilə keçirdiyi görüşlərin bəzilərində İlyas müəllimlə birlikdə mən də iştirak etmişəm. Lakin hakimiyyətin bu əməkdaşlıq çərçivəsində siyasi partiyalar qarşısında öz üzərinə hər hansı öhdəlik götürdüyünün şahidi olmamışam.
Milli məsələlərlə bağlı iqtidar-müxalifət əməkdaşlığı platformasında müxalifət partiyalarının özlərinin qrup maraqlarının müdafiəsini irəli sürməsi doğru deyil. Sərdar Cəlaloğlu isə öz çıxışında məhz bunu ifadə edir. Belə görünür ki, Qarabağ məsələsi və ondan sonrakı dövrdə həmrəylik nümayişi ilə bağlı S.Cəlaloğlunun mövqeyi təmənnalı olub.
Sərdar Cəlaloğlunun “iqtidarın vədi” kimi ifadələri onun milli maraqları şəxsi ambisiyalarından üstün tutduğunu göstərir. Sərdar Cəlaloğlu Qarabağ probleminin həllində vahid mövqe nümayiş etdirmək əvəzinə, iqtidardan siyasi dividentlər əldə etmək niyyəti açıq-aşkar sezilir”.
M.Rəhimli S.Cəlaloğunun partiyaların seçkilərə buraxılmadığı iddiasına mövqeyini belə açıqlayıb:
“Sərdar Cəlaloğlunun bu iddiası əsassızdır. Seçkilərdə iştirak məsələsini deputatlıq ambisiyaları ilə qarışdırması onun arqumentlərinin ziddiyyətli olduğunu göstərir.
Ədalət partiyası ilə bərabər ADP də sonuncu parlament və bələdiyyə seçkilərində iştirak edib. Hətta Sərdar bəy parlament seçkilərində Naxçıvandan öz namizədliyini irəli sürmüşdü. Sonra açıqlama verdi ki, bəzi partiya sədrləri namizədliklərini irəli sürməyiblər, ona görə də geri çəkilir”.
“Sərdar Cəlaloğlunun maliyyələşmə ilə bağlı olan iddialarına dair nə deyə bilərsiniz” sualına isə M.Rəhimlinin cavab belə olub:
“Siyasi partiyalar haqqında qanunda partiyaların maliyyələşmə mexanizmi açıq şəkildə göstərilib. ADP-nin və bir çox partiyaların, o cümlədən Ədalət partiyasının fəaliyyəti buna cavab vermədiyinə görə maliyyə yardımı ala bilmir. Qanun tələb edir ki, partiyalar xərclərini rəsmi şəkildə həyata keçirsinlər. Bu xərclərin 2 mislindən çox olmamaqla partiyalara dövlət yardımının ayırılması nəzərdə tutulur”.