Yeni tədris ilinin başlanmasına təxminən 1 aydan bir az çox vaxt qalıb.
Bəzi valideynlər övladları üçün məktəb ləvazimatları, xüsusilə də məktəbli formaları almağa başlayıb.
Bəs məktəbli formalarının satışında və qiymətlərində artım varmı?
Məsələ ilə bağlı “Cebheinfo.az”-ın sualını cavablandıran "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirdi ki, hazırda məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik yoxdur və qiymət artımı da nəzərdə tutulmayıb:
“İyulun 1-dən formaların qiymətlərində nəzərəçarpaçaq endirimlər var. Belə ki, şalvar və ətəklər 20 manatdan 15 manata, jaketlər 30 manatdan 20 manata endirilib, bu da təxminən 25-33 % endirim deməkdir.Yəni bütün mallarımızdan endirimlər var.
Hazırda məktəbli formalarının satışında artım var. Belə ki, avqustun 1-dən etibarən satışlar daha da artıb. Bildirim ki, hələ də satışda başqa ölkələrdən Bakıya gətirilən və sertifkatı olmayan saxta məktəbli formalarına da rast gəlinir”.
E. Əzimov qeyd edib ki, bu gün bazarda 2-3 manata məktəbli köynəkləri satılır:
“Heç bir gigiyenik sertifikata malik olmayan belə məktəbli formaları uşaqlarda allergiya, müxtəlif səpkilər, əsəb pozğunluğu yaradır. Bizim satış məntəqələrindən alınan geyimlərə 1 il zəmanət verilir. Ucuz qiymətə alınan məktəbli geyimləri bir dəfə yuyulduqdan sonra yararsız vəziyyətə düşür.
“Hələlik satışla bağlı sıxlıq müşahidə olunmur. Çünki valideynlər dərslərin başlamasına bir neçə gün qalanda forma almağa başlayırlar. Onlara müraciət edirəm ki, vaxtında övladlarına forma almağa gəlsinlər ki, sonra uzun növbədə dayanmasınlar”.