Rusiya ABŞ-a Ukraynaya qarşı müharibədə hava atəşkəsi imzalanmasını təklif edə bilər.
Musavat.com xəbər verir ki, məlumatı Bloomberg yayıb. Bildirilir ki, Moskva bunu ABŞ prezidenti Donald Trampa güzəşt kimi qiymətləndirməklə yanaşı, bu yolla ikinci dərəcəli sanksiyalar təhlükəsinin qarşısını almağa çalışır.
Eyni zamanda, Bloomberg-in yazdığına görə, Rusiya hələ də Ukraynaya qarşı müharibəni davam etdirmək əzmindədir. Rəsmilər bildirirlər ki, ABŞ-ın xüsusi elçisi Stiv Vitkoffun Rusiya səfəri sonuncuya uğur şansı az olsa belə, Trampla razılığa gəlmək imkanı verir.
Nəşrin həmsöhbətlərindən biri əlavə edib ki, potensial təkliflərdən biri gərginliyin azaldılması jesti kimi Ukraynada dron və raketlərdən istifadə etməklə hava zərbələrinin dayandırılması ola bilər. Amma Moskva bu addımı yalnız Ukraynanın da analoji saziş imzalaması şərti ilə atacaq.
Nəşr qeyd edir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada ümumi atəşkəsə razı olmayacaq, çünki onun qoşunları döyüş meydanında durmadan irəliləməkdə davam edir və Rusiyanın hərbi məqsədləri dəyişməz qalır. Bu müqavilənin Kiyev və tərəfdaşları üçün onu qəbuledilməz edəcək hər hansı şərtlərinin olub-olmayacağı da bəlli deyil.
İçərisində Vitkoffun olduğu təyyarə artıq Moskvaya doğru istiqamətlənib. Kreml onun Putinlə görüşə biləcəyini açıqlayıb.
Müəlliflər onu da xatırladıblar ki, Amerika lideri Donald Tramp müharibəni dayandımaq üçün Putinə təzyiqi artırmaq məqsədilə avqustun 8-dən Rusiya nefti və digər mallarını alan ölkələrə yüksək tariflər tətbiq etməklə hədələyir. Belə ölkələrin siyahısına Çin və Hindistan da daxil ola bilər.
Qeyd edək ki, hava atəşkəsi Ukraynanın Rusiyanın hərb maşınına yeganə zərər imkanını aradan qaldırmış ola bilər. Belə ki, son iki ayda Ukrayna Rusiya hərbi zavodlarına, mühüm hərbi obyektlərinə dronlarla ağır zərbələr endirir. Putinin Trampa güzəşt kimi təqdim etməyə çağırdığı hava atəşkəsi bu zərbələrdən yayınmağa hesablanıb.
Son vaxtlar Rusiyanın Ukrayna şəhərlərinə mülki əhalinin kütləvi ölümü ilə nəticələnən zərbələrinin bir məqsədi də Trampa o0nları dayandırmağı böyük güzəşt kimi təqdim etmək olar bilər.