Kürdəmir rayonunda yas məclislərində ehsan verilməsi yığışdırılıb. Bu barədə Teleqraf-a Kürdəmir şəhər Cümə məscidinin imamı Aqil Əliyev məlumat verib. Onun sözlərinə görə, ağsaqqallar və din xadimləri birgə belə bir qərara gəliblər. “Artıq iki aydır ki, rayonumuzda yas məclislərində yemək verilmir. Yas məclisləri öz qaydasında təşkil olunur, halva və çay verilir, sadəcə yemək verilməsi yığışdırılıb”, - o bildirib.
İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İslam dini yas mərasimlərini insanların kədərini paylaşmaq, ölən şəxsə dua etmək, səbir göstərmək və Allaha yönəlmək məqsədilə qəbul edir: “Bəzi cəmiyyətlərdə zamanla bu məqsəddən sapmalar olmuş, dini və mənəvi ruh yerini zahiri adət-ənənələrə, bəzən də israfçılığa vermişdir”.
İlahiyyatçı qeyd edib ki, Qurani-Kərimdə ehsan və ya yas süfrəsi haqqında birbaşa bir ayə yoxdur: “Möminlərin bir-birinə dəstək olmasını, kədərlənənlərə təsəlli verməsini, ehtiyacı olana yardım etməsini təşviq edən çoxlu ayələr var: “Onlar (möminlər) Allaha olan məhəbbətə görə kasıblara, yetimlərə və əsirlərə yemək yedirərlər.” (əl-İnsan, 8) Bu ayə, ehsanı edən insanın məqsədinin riyakarlıq, təmtəraq yox, sırf Allah rizası üçün olması gərəkdiyini göstərir. Amma burada söhbət yas mərasimində yemək verməkdən deyil, ümumi olaraq imkansızlara yemək verməkdən gedir. Hədislərdə açıq şəkildə ölən şəxsin evində yemək bişirilib verilməsinin deyil, əksinə, həmin ailəyə yemək aparılmasının tövsiyə olunduğu bildirilir’”.
Ənəs ibn Malikin rəvayət etdiyi bir hədisdə deyilir: “Cəfər ibn Əbu Talib şəhid olduqda, Rəsulullah (s) dedi: ‘Cəfər ailəsi üçün yemək hazırlayın. Onların başı qarışıb və yas içindədirlər.” (Tirmizi, Cənai’z, 998) Bu hədis açıq şəkildə göstərir ki, yas sahibinin ehsan etməsi dini baxımdan təşviq olunmayıb. Əksinə, müsəlmanlar yas sahibinə kömək etməlidirlər. Fəqihlərin əksəriyyəti — o cümlədən Hənəfi, Şafii, Malik və Hənbəl məzhəbləri — yas mərasimində ehsanın vacib və ya sünnət olmadığını, hətta israf və riyakarlığa səbəb olarsa, məkruh olduğunu bildiriblər. Əgər ehsan verməklə insanlar təkəbbürə düşürsə, ailə maddi çətinliyə girirsə və ya insanlar yalnız yeməyə görə yas məclisinə gəlirlərsə, bu artıq dinin ruhuna zidd olur.
İmam Nəvəvi “əl-Məcmu” əsərində yazır ki: “Ölüm səbəbilə insanlara yemək verilməsi bidətdir. Bu, dinin ilk dövrlərində olmamışdır və sonradan adətə çevrilmişdir.”
İbn Qudamə “əl-Muğni” əsərində yazır: “Ölən şəxsə görə yemək vermək, ümumiyyətlə, bidət sayılır. Ən yaxşısı odur ki, qonşular və qohumlar yas sahibinə yemək göndərsin.” Yəni şəriət prinsiplərinə görə, yas evində yemək bişirilib camaata verilməsi dini deyil, sonradan formalaşmış adət-ənənədir. Əgər bu adət insanlar arasında təzyiq, maddi yük, riyakarlıq və israfa səbəb olursa, onu tərk etmək təkcə icazəli deyil, bəzən də vacib olur.
Bu baxımdan Kürdəmir Cümə məscidinin imamının bu təşəbbüsü alqışlanmalıdır. İnsanlara təbliğ edilməlidir ki, yas mərasimi bir mərasim deyil, ibadət ruhu daşıyan mənəvi hadisədir. Ən gözəl ehsan ölənə dua etmək, ruhuna Quran oxumaq, onun xatirəsini gözəl əməllərlə yaşatmaqdır”-deyə ilahiyyatçı bildirib.