Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. 2025–2026-cı tədris ili üzrə tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu 15-22 iyul tarixlərində portal.edu.az platforması üzərindən həyata keçirilib.
Bu müddət ərzində ümumilikdə 1500-dən çox tələbə ali təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək məqsədilə müraciət edib. Hazırda köçürülmə prosesinin növbəti - müəssisə tərəfindən qiymətləndirmə mərhələsi başlayıb. Bu mərhələdə təqdim edilmiş müraciətlər təhsil müəssisələri tərəfindən araşdırılır və müvafiq qərarlar qəbul edilir.
Təhsil müəssisəsi tərəfindən müsbət qərar verildiyi halda, tələbənin şəxsi kabinetində “Təsdiq et” və ya “İmtina et” düymələrindən birini seçməsi tələb olunur. Tələbə “Təsdiq et” düyməsini seçərək yerdəyişməyə razılıq verdiyi halda, proses rəsmiləşdirilmiş hesab olunur.
Əks halda, müraciət qüvvədən düşür. Bu səbəbdən tələbələrə şəxsi kabinetlərini mütəmadi olaraq izləmələri tövsiyə olunur. İmtina cavabı alan şəxslər nəticələrin elan edilməsindən sonra 2 təqvim günü ərzində apellyasiya müraciəti təqdim edə bilərlər.
Qeyd edək ki, bəzən tələbələr köçürülmə prosesi ilə bağlı vaxt azlığından şikayətlənirlər. Onlar qısa müddət ərzində lazım olan məlumatları əldə edə bilmədiklərini bildirirlər. Ümumiyyətlə, tələbələrin köçürülmə müddətinin artırılması mümkündürmü?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, cəmi 7 gün qısa müddətdir:
“Xüsusilə də 1500 nəfərin müraciət etdiyi qısa müddət ərzində yəqin ki, neçə nəfər müraciət edə bilməyib. Burada tələbə müraciət üçün sənəd toplayır, seçimini dəyərləndirir, yəni bu kimi məsələlər var. Sənədlərin toplanmasında müəyyən sıxıntı, problem ola bilər ki, bu baxımdan müddət azdır. Əgər bu müddət ərzində hər şey texnoloji platformalar vasitəsilə avtomatlaşdırılsa belə, tələbə yenə də sənəd toplayır. Burada qiymət transkripti və digər məsələlər var”.
O deyib ki, bəzi universitetlər süni əngəllər yaradır:
“Yəni arayışı, transkripti verməyi gecikdirir, yaxud bəzi tələbələrin borcu olmadığı halda borcu olduğu göstərilir, eləcə də tələbənin universitetin tədris proqramından xəbəri yoxdur. Məsələn, tələbə Gəncə Dövlət Universitetinin inNBA marketinqindən Texniki Universitetin inNBA marketinqinə transfer olur.
Nəticədə tələbəyə deyirlər ki, Gəncə ilə bizim ixtisas proqramları üst-üstə düşmür, sənin xeyli kəsirin olacaq, sənə uyğun qrup yoxdur, hər fənndən 600 ödəməlisən. Bu baxımdan, universitetlər tədris proqramına uyğunluq təqdim eləmir. Sanki qapalı boxça kimi bir şeydir.
Bu da tələbələr üçün hüququ baxımından ziddir. Platforma da, proses də, mahiyyət də düzgün deyil. Müddət də azdır, təbliğat da zəifdir, tələbələr qorxaraq transfer edir və başlarına nə gələcəyini bilmirlər. Prosesdə nöqsanlar çoxdur”.