"Tramp və Zelenskinin son görüşü Ukrayna üçün real nəticələr doğura bilərmi?" Moderator.az-ın bu sualını tanınmış hərbi-siyasi ekspert Üzeyir Cəfərov şərh edib.
Ekspertin sözlərinə görə, bu görüşün Ukrayna üçün birbaşa strateji dönüş yaradacağına inanmaq çətindir:
“Mən düşünmürəm ki, Tramp və Zelenskinin son görüşü Ukrayna üçün hansısa əhəmiyyətli təsir rolu oynayacaq. Lakin Trampın Ukrayna liderinə münasibətində müəyyən yumşalma müşahidə olunur. Bu da onun müəyyən qənaətə gəldiyini göstərir. Əvvəllər Rusiya tərəfindən yönləndirilmiş fikirləri səsləndirən Tramp artıq Zelenskiyə qarşı daha xoş ritorikaya keçib.”
Cəfərov hesab edir ki, Ukrayna tərəfi ABŞ-dan əlavə hərbi yardım və silah-sursat əldə etmək üçün səylərini davam etdirir:
“Zelenski müəyyən silah texnologiyalarını almaq üçün maliyyə dəstəyi istəyi ilə çıxış edir. Tramp isə məlumdur ki, pulu çox sevir, bu da o deməkdir ki, Ukraynanın bu müraciətinə bəlkə də müsbət cavab verə bilər.”
Ekspert qeyd edib ki, görüş əvvəlcə baş tutmaya bilərdi, lakin sonradan ABŞ tərəfinin təşəbbüsü ilə gerçəkləşdi:
“Əvvəl bu görüş ləğv ediləcəkdi, amma son anda qərar dəyişdi və görüş baş tutdu. Bu, Amerikanın istəyi ilə reallaşdı. NATO sammitində bəzi ölkə liderləri Zelenskidən çəkinərək uzaq durmağa çalışırdılar. Amma Trampın onunla görüşməsindən sonra yanaşmalarda dəyişiklik müşahidə olundu. Bu da bir daha göstərir ki, Avropa və NATO daxilində hələ də birmənalı olmayan, qorxaq mövqelər var.”
Sonda ekspert Ukraynanın mübarizəsinə və davamlı müstəqillik yoluna inamını da ifadə edib:
“Ukrayna üçün nə qədər çətin olsa da, onlar Rusiyaya qarşı dayanmağı bacaracaqlar. Silah və texnika təchizatında problemlər olsa da, bunların aradan qaldırılması üçün ciddi şəkildə çalışırlar. Nəticədə, bu əzmlə torpaqlarını azad etməyə nail olacaqlar.”